KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Bəs o qadınlar deputat seçilsəydi? Seçilmədilər, şanslıyıq!

10 mart 2020 15:19
2203

O xəbər gəldi. Pis xəbər. Azacıq müşahidə və təhlil qabiliyyəti olanlar belə bir xəbərin gələcəyini proqnozlaşdırırdı. Arzu etməzdik, amma gəldi…

Martın 8-də qadınların Bakının mərkəzində aksiyasını təşkil edənlər bu dəfə daha bir gənci xərclədilər. O aksiyada iştirak edən, öz “fəallığıyla” seçilən və bizim kimi normal adamların dilə belə gətirməyə utandığı şüarı başı üzərinə qaldıran gənc qızın intihar xəbəri gəldi. Deyilir ki, özünü 3-cü mərtəbədən atıb. Yaxşıca əzilib, amma ölməyib. Bilmirəm sevinim, ya kədərlənim? Çünki o qızın başı üzərinə qaldırdığı o ayıbdan da ayıb olacaq şüar bütün Azərbaycan xanımlarını, hətta normal əxlaqlı dünya qadınlarını gözdən salmışdı. Bu baxımdan biz də ona, onu bu əmələ sövq edənlərə əsəbləşirdik. İndi isə gənc bir qızın canına qıymasını da, açığı, sevinclə qarşılaya bilmirik. Kim olursa, olsun. Nə əməlin sahibi olursa, olsun, bir insanın canına qıymasını şəxsən mən təqdir etmirəm, edə də bilmərəm…

Bu intihar cəhdi bir daha həmin aksiyanın əsl mahiyyətini üzə çıxarır. Eyni zamanda onu təşkil edənlərin də əsas məqsəd və məramına işıq salır.

İndi özümüz özümüzə sual verə bilərik ki, əxlaqsızlığı, antimilli görsənişləri təbliğ etmək, bu işdə hələ tam formalaşmamış gəncləri xərcləmək kimə və nəyə görə lazımdır? Üstəlik, bu iş üçün qadınları bir araya gətirib Azərbaycanı başıaşağı etmək kimin əməli ola bilər? Bu sualın cavabı aydındır: bizim cəmiyyətimizi – özəlliklə də milli ədəb-əxlaq normalarını, ailə dəyərlərini gözdən salmaq istəyənlərdir bu cür aksiyaları təşkil edən və etdirənlər. Elə isə bu edən və etdirənlər bizim faydamızı düşünə bilərmi? Təbii ki, yox. Bəs belə əməllərə alət olmaq nədən xəbər verir? Bu sualın da cavabı aydındır: bu əməllərə alət olmaq alət olanların azad seçimidir. Təəssüf ki…

Bu qızın intiharı, əslində, bir müddət sonra unudulacaq. Özəlliklə də onu bu cür iyrənc oyuna alət edib intihara qədər sürükləyənlər olayı bir müddət sonra xatırlamaq belə istəməyəcək. Onlara tamaşa lazım idi, onu da aldılar. İndi kim ölür, kim qalır, bu adamların vecinə də deyil. Bunu anlayırıqsa, təşkilatçıların məsuliyyətini də unutmamalıyıq. Bunlar belə bir aksiya təşkil edəndə onun məsuliyyətini də unutmamalı idilər. Amma anlaşılır ki, unudurlar. O qədər unudurlar ki, beyinsizliyi üzündən el qınağına səbəb olan ayıb məzmunlu şüarı başı üzərinə qaldıran gənc qız intihar yolunu seçdi. İndi sual olunur, belə bir olaya səbəb verənlərin məsuliyyəti gözardı edilməlidirmi? Əsla!

Haşiyə: Bir müddət öncə ailəsində psixi rahatlıq tapa bilməyən, cəmiyyət içində pis adamlara bulaşmış Elina adlı bir məktəbli intihar etmişdi. Bütün ölkə, hətta ölkə rəhbərliyi də məsələyə münasibət bildirdi, xüsusi nəzarətə götürdü. Hər yerindən duran dəxli oldu-olmadı məktəbin direktorunun cəzalandırılmasını tələb etdi. Şəxsən mənə görə, direktorun ümumiyyətlə cəzalandırılması düzgün deyildi. Lakin cəmiyyətin basqıları ona səbəb oldu ki, o xanım indi cəza çəkir. Səbəb nədir? Səbəb odur ki, sadəcə hadisə baş verərkən özünü itirib, təcili yardıma gec zəng edib. Yəni uzağı adi bir səhlənkarlıq deyə bilərik buna. Üstəlik, o qız da sağlam şəkildə xəstəxanaya çatdırılıb. Lakin direktor cəzalandırıldı buna görə! İndi bu qızın da intiharına səbəb olanlar cəzalandırılmalıdır!!!

Yeri gəlmişkən, şəkillərdən gördüm ki, aksiyanın önünü çəkənlər arasında 9 fevral seçkilərində deputatlığa namizəd olmuş qadınlar da var. İraq, iraq, indi bunlar deputat seçilsəydi nələrin baş verə biləcəyini təsəvvür belə etmək istəməzdik. Bəxtimiz gətirib ki, bunlar deputat olmadılar…

Burada ayrıca olaraq Azərbaycan polisinin davranışını da qeyd etmək istərdik. Bir daha halal olsun polislərimizə! Açığı, şəxsən mən onlar qədər təmkinli davrana bilərdimmi? Təminat vermirəm. Yəqin ki, o durumda polislərimiz qədər təmkinli davranmaq şəxsən məndə çətin alınardı. Lakin Azərbaycan polisi bunu bacardı, bir daha sərgilədi və dünyaya göstərdi ki, istənilən durumda özünü layiqli apara bilir.

Sözardı: Aksiyanın önünü çəkənlərdən birinin polisə qarşı davranışını əks etdirən qısa videonu da əlavə edirik.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?