19 iyun 2019 17:27
165

Belqradda Nəsimiyə həsr olunan silsilə tədbirlər keçirilib

Belqraddakı “Yuqoslaviya kinoteatrında” dahi Azərbaycan şairi İmadəddin Nəsiminin serb dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimat mərasimi keçirilib və “Nəsimi” filmi nümayiş etdirilib.

Prezident İlham Əliyevin şairin 650 illik yubileyinin qeyd edilməsinə dair Sərəncamı çərçivəsində Serbiyada keçirilən silsilə tədbirlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Serbiyadakı səfirliyimizin təşəbbüsü və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyilə təşkil olunmuş tədbirdə ölkə parlamentinin üzvləri, dövlət xadimləri, hökumətin, diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Serbiya Kral Akademiyasının üzvü, akademik Sokol Sokoloviç çıxış ediblər.

Tarixdə ilk dəfə olaraq serb subtitrləri ilə nümayiş olunan “Nəsimi” filmi qonaqlarda böyük maraq doğurub və gurultulu alqışlarla qarşılanıb.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın başçılıq etdiyi azərbaycanlı alimlərdən ibarət nümayəndə heyəti isə Belqrad Universitetinin rəhbərliyilə görüşüb.

Görüşdə Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev, “Azərnəşr” Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri dosent Lalə Məcidova, Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru professor Zərifə Əlizadə və səfir Eldar Həsənov iştirak ediblər.

Universitetin rektoru professor İvanka Popoviçlə iki ali məktəb arasında əməkdaşlığın geniş spektri, müştərək elmi layihələr hazırlanması, professor-müəllim heyəti üzvlərinin qarşılıqlı səfərləri barədə məsələlər müzakirə edilib.

Alimlərimiz Universitet nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzilə tanışlıqdan sonra ali məktəbin filologiya fakültəsinin dekanı professor Lilyana Markoviçlə görüşüblər. Əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.