04 iyul 2019 21:13
178

Belçikanın şokolad marşrutları

Belçika şokoladını bütün dünyada yüksək qiymətləndirirlər. Bu şokoladın həqiqi resept üzrə hazırlanması, tərkibində kakaonun yüksək miqdarda olması, təbii kakao yağından və seçmə kakao paxlalarından istifadə edilməsi onun əla keyfiyyətinə zəmanət verir.

1912-ci ildə Brüsseldə ilk dəfə praline (içlikli şokolad) hazırlandı və o vaxtdan belçikalı şokolad ustaları bu sahədə qiymətli biliklərini nəsildən-nəslə ötürürlər. Burada indi də ən bacarıqlı şokolad ustaları işləyir, onların innovasiyalı qərarları sayəsində Belçika şokoladı ən ləziz və qeyri-adi təamlardan birinə çevrilir. Hazırda dünyada istehsal edilən bütün şokoladın üçdə iki hissəsini Belçika ixrac etməsinə baxmayaraq, belçikalılar özləri də şirniyyata az maraq göstərmir, bu ölkənin hər sakini ildə orta hesabla 6 kiloqramdan çox şokolad yeyir.

Ona görə də belçikalıların bu sevimli delikatesə həsr edilmiş muzeylər yaratması heç kəsi təəccübləndirmir. Bu ölkəyə səyahət edənlərin əksəriyyəti üçün şokolad muzeyləri onların Belçika üzrə marşrutunun zəruri hissəsidir.

2019-cu il yanvarın 12-də Antverpen şəhərində dünyada ən böyük Belçika şokoladı muzeyi sayılan “Chocolate Nation” öz qapılarını müsafirlərinin üzünə açıb. Qeyd edək ki, Belçikada ilk şokolad fabriki 1831-ci ildə elə həmin Antverpendə açılıb. “Chocolate Nation” ənənəvi mənada muzey deyil. Bu məkanda şokoladın yaradılması tarixi, onunla bağlı ənənələr və bu sahədə innovasiyalar haqqında məlumat əldə etmək olar. Dünyada ən gözəl vağzallardan biri sayılan və sahəsi 4000 kvadratmetrdən çox olan Antverpen dəmir yolu vağzalı ilə üzbəüz yerləşən muzeyin 14 tematik zonası buraya gələnlərə ekvatorial plantasiyalardan başlamış ta Antverpen limanına – dünyada ən böyük kakao anbarına qədər maraqlı bir səyahət təklif edir. İnanılmaz dərəcədə böyük ölçüdə fantastik maşın şokoladın istehsal olunması prosesini nümayiş etdirir, bələdçi isə bu xoş dadın necə yaranmasını izah edir. Muzeyə gələnlər Belçika şokoladının hazırlanması sirlərini öyrənir, müxtəlif dadlı şokoladları dequstasiya edirlər. Təəccüblü deyil ki, “Chocolate Nation” muzeyində şirniyyat istehsalı sahəsi də var. Muzeyin böyük şokolad ustası Patrik Obrion artıq 14 ildən çoxdur ki, Belçikanın ən məşhur ustalarından biri, dünyada 40 şokolad butikinin sahibi Pyer Markolininin “sağ əli”dir. Hazırda Patrik şokolad ustalarının öyrədildiyi laboratoriyaya rəhbərlik edir. Muzeyin qonaqlarına burada iş prosesi ilə tanış olmaq, həmçinin praline hazırlanması üzrə ustad dərslərində iştirak etmək imkanı təklif olunur.

2019-cu il fevralın 15-də daha bir şokolad muzeyi – “Choco-Story” Brüsseldə yeni binaya köçürülüb. Bu bina muzeyin əvvəlki binasından 3 dəfə genişdir. “Choco-Story” muzeyinə gələnlərə şokoladın kakao paxlalarından başlamış plitka şəklində şokolada qədər keçdiyi təkamül yolu barədə məlumat verilir. Muzeyə gələnlər qədim Astek və Mayya qəbilələrində bir neçə min il əvvəl kakao paxlasının yetişdirilməsi tarixi barədə də maraqlı məlumat əldə edirlər. Muzeyin yeni binası Brüsselin lap mərkəzində Qran-Plas meydanının yaxınlığında yerləşir. Ümumi sahəsi 1800 kvadratmetr olan yeni binada müəssisənin iş rejimini yenidən qurmaq, buraya gələnlərin 5 duyğu orqanının hamısını hərəkətə gətirmək imkanı yaranıb. İndi qonaqlar istehsal prosesini izləyə və şokoladı dequstasiya edə bilərlər. Videoinstalyasiya və onu tamamlayan reallıq müsafirləri bu prosesə cəlb etməyə kömək edir, muzeydəki rəqəmsal panellər gənclərin diqqətindən kənarda qalmır. Mütəşəkkil qruplar əvvəlcədən növbəyə yazılaraq dequstasiya və ustad dərsləri keçə bilərlər.

Antverpendə yeni “Chocolate Nation” muzeyi açılandan və Brüsseldə “Choco-Story” genişlənəndən sonra Belçikadakı şokolad muzeylərinin sayı dördə çatıb. Brüqqedə “Choco-Story Flanders” adlı daha bir muzey var. Burada səyahətçilərə şokoladın tarixi və onun istehsalının sirləri barədə məlumat verilir. 6-12 yaşlı uşaqlar üçün təşkil edilən “şokolad ovu” onlarda bu muzeyə böyük maraq oyadır. Şokolad burada əllə hazırlanır, ustad dərslərinə yazılmaq üçün isə əvvəlcədən növbə tutmaq lazımdır.

Brüsseldə daha bir şokolad muzeyi var. “Belgian Chocolate Village” adlanan bu muzey keçmiş Viktoriya qənnadı fabrikində yerləşir. Zəmanəmizə qədər çox yaxşı vəziyyətdə qalmış bu fabrikin 900 kvadratmetrə bərabər ərazisində ən müxtəlif ekspozisiyalar nümayiş etdirilir, tropik istixanada bitən kakao ağacları isə muzeyin fərqləndirici xüsusiyyətidir. Muzeyə gələnlərə onların gözlərinin qabağında hazırlanmış şokoladın dadına baxmaq imkanı verilir. Burada uşaqlı ailələrə xüsusi diqqət yetirilir: uşaqlar üçün xüsusi audiobələdçilər və interaktiv stansiyalar nəzərdə tutulub.

Şokolad muzeyləri Belçikanın şokolad irsi ilə tanış olmaq üsullarından yalnız biridir. Brüssel, Antverpen, Brüqqe və Gent şəhərlərində şokoladlı gəzintilər, şokoladlı nümayişlər və şokolad dequstasiyaları kimi tədbirlərdə iştirak etmək olar.