18 iyul 2019 18:53
264

BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır

Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universiteti 1920-ci ildə təsis edilib. Universitetdə iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi və ədəbiyyat fakültələri, bir neçə tədris və elmi-tədqiqat institutları, o cümlədən Qafqazşünaslıq Mərkəzi fəaliyyət göstərir.

Bu fikirləri Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetinin (BDU rektoru Elçin Babayevlə görüşündə bildirib.

BDU-dan bildiriblər ki, görüşdə Braziliya universitetləri ilə əməkdaşlığın yaradılması məsələləri müzakirə edilib. Rektor Elçin Babayev Rio-de-Janeyro Federal Universiteti və bu ali təhsil ocağındakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Rio-de-Janeyro Federal Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması, birgə tədqiqatların aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri kimi məsələlər də müzakirə olunub.