14 avqust 2020 19:16
733

BBC “HARDtalk”: Paşinyanın savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi”  olmasının növbəti sübutu

Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalının məşhur “HARDtalk” (Çətin söhbət) verilişinin radio versiyasının avqustun 14-də yayımlanmış növbəti buraxılışında tanınmış jurnalist Stefen Sakurun çətin suallarına cavab verməyə çalışıb. Lakin o, özünü növbəti dəfə “HARDTalk” proqramında rüsvay edib. Belə ki, veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan bir daha siyasi ritorika və natiqlik səviyyəsi baxımından çox primitiv olduğunu nümayiş etdirib. Müsahibini təqdim edən aparıcı S.Sakur ona münasibətdə kəskin və kinayəli səslənən ifadələr işlədib.

Jurnalist kimi fəaliyyət təcrübəsinin olmasına baxmayaraq N.Paşinyan sanki birinci dəfə idi mikrofon qarşısına çıxırdı. Müsahibə götürən S.Sakurun sualına cavabını “Mən sizin təəssüratla tamamilə razı deyiləm” cümləsi ilə başlaması onun bu sahədə də diletant olmasından xəbər verir.

Maraqlıdır ki, “Nikol Paşinyan: Ermənistan və Azərbaycan üçün sülh?” başlıqlı verilişin internet səhifəsindəki təqdimetmə mətninə N.Paşinyan haqqında belə  bir sual qoyulub: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?”.

Verilişin əvvəlində aparıcının “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz "böyük məxməri inqilab" adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu” sualına cavabında N.Paşınyan ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı “nailiyyətlərdən”, adını da çəkmədiyi beynəlxalq reytinqlərdə qazanılan “uğurlardan” danışıb. Yəqin Paşinyan bu “nailiyyətlərdən” danışarkən öz ailəsinin korrupsiya yolu ilə əldə etdiyi sərvətləri, mülkləri nəzərdə tutur. Lakin bu gün beynəlxalq ictimaiyyət, həmçinin məşhur teleaparıcı Stiven Sakur da yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur, ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır. Paşinyan isə utanmadan adını belə çəkmədiyi beynəlxalq reytinqlərdə, jurnallarda son iki ildə qazanılan “nailiyyətlərdən” dəm vurur.

İngilis dilində olduqca zəif danışan və hər cümləsində ingilis dilinin elementar qrammatik normalarını gözləməyən N.Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanınması barədə cəfəng səslənən iddialar səsləndirib. O, ölkədəki hazırkı acınacaqlı vəziyyətin bütün günahını koronavirus pandemiyasının üzərinə atmağa cəhd edib. S.Sakir onun sözünü kəsib və koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısını alıb. “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” sualını verib. Bu sual N.Paşinyanda isterik reaksiya doğurub. O, beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatının dəyişdirmək və işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi münaqişə və danışıqlar tərəfi kimi təqdim etmək istəyini münaqişənin həlli üzrə indiyə qədər görünməyən yeni bir “formula” olduğunu sübut etməyə cəhd edib.

Onun sözünü  bir daha kəsən aparıcı isə dərhal müdaxilə edərək bildirib: “Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”. Paşinyan yenə də bu suala cavab tapmır və kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta, sənədə əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər səsləndirməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.

N.Paşinyanın Azərbaycanın ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək istəməyən S.Sakur onun üzünə bu fikirləri səsləndirməkdən çəkinməyib: “Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını verdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi.”

N.Paşinyan bu suala saxta tarixi iddialar səsləndərməklə cavab verməyə çalışsa da, S.Sakur onun üzünə “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz” ittihamını vurub.

S.Sakur Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsini avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirib. Onun sözlərinə görə, “Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiniz”.

S.Sakur daha irəli gedərək Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini N.Paşinyanın diqqətinə çatdırıb, keçmiş hüquq müdafiəçisi kimi Azərbaycan və beynəlxalq məhkəmə qarşısında bu cinayətləri etiraf etməsinin vacibliyini qeyd edib. N.Paşinyan “bütün müharibələrdə insan fəlakətləri olur” deməklə bu ittihamı sanki qəbul etmiş vəziyyətinə düşüb.

Koronavirus mövzusuna keçən S.Sakur pandemiya ilə mübarizədə Ermənistan hakimiyyətinin səylərini və strategiyasını ciddi uğursuzluq adlandırıb, yayılma statistikasının qonşu Gürcüstan və Azərbaycanla müqayisədə olduqca acınacaqlı olduğunu bildirib. N.Paşinyan bu uğursuzluğu dünyadakı vəziyyətlə əlaqələndirməyə çalışsa da, S.Sakur baş nazirin addımlarının öz əhalisi tərəfindən mühakimə edildiyini vurğulayıb: “Siz may ayında Arayik Arutunyanın “inauqurasiyasında” iştirak edəndə maska taxmamışdınız, iyunun ortalarında sizin ölkədə ciddi epidemioloji böhran hökm sürürdü və siz öz əhalinizi məsuliyyətsizlikdə ittiham etməyə başladınız. Sizin maskasız insanlar arasında olmağınız liderlik kimi görünmürdü. Sizin ünvanınıza əhali və digər siyasi partiyalar tərəfindən kəskin ittihamlar səsləndirildi”.

Paşinyanın strategiyasında mənalı sülh elementinin olmadığını açıq şəkildə ifadə edən aparıcı baş nazirin əvvəlki sələfləri kimi göründüyünü, onlardan fərqlənmədiyini vurğulayıb. Ardınca isə Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırladıb və Paşinyana “bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı” sualını verib. Lakin Stiven Sakur dəfələrlə sualı təkrarlasa da, Paşinyandan dürüst cavab ala bilməyib: “Mən sadəcə erməni hərbçiləri tərəfindən törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinizə götürməyə və üzr istəməyə hazır olub-olmadığınızı bilmək istəyirəm. Bu, çox sadədir: Bəli və ya xeyr?”. Əlbəttə ki, faşist ideologiyasına xidmət edən Nikol Paşinyanın özündə cəsarət tapıb Azərbaycan xalqından üzr istəyəcəyini düşünmək sadəlövhlük olardı.

S.Sakur beynəlxalq təşkilatlar tərəfindən Ermənistandakı demokratik vəziyyətin də kəskin hədəf obyektinə çevrildiyini, ölkədə ciddi insan haqları pozuntularının, xüsusilə azlıqlara və zərif təbəqələrə qarşı ayrı-seçkiliyin hökm sürdüyünü, korrupsiyaya qarşı mübarizənin yetərli olmadığını, siyasi rəqiblərə qarşı repressiyaların davam etdiyini də vurğulayıb.Ümumiyyətlə, bu müsahibəni dinləyən istənilən şəxs N.Paşinyanın nəinki ölkə rəhbəri kimi, hətta adi siyasətçi və jurnalist kimi nə qədər diletant olması qənaətinə gələ bilər. Bu rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu göstərdi.

Yaqut Ağaşahqızı, “İki sahil”