25 noyabr 2020 18:47
348

Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.

Baş Prokurorluqdan "İki sahil"ə bildirilib ki, 23-24 noyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin videoformat rejimində 50-ci iclası və 25-ci illik ümumi yığıncağı keçirilib.

Tədbirdə Baş prokurorlar daxil olmaqla, prokurorluq orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Hər iki iclasda ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın müvafiq komitələrinə yeni üzvlərin qəbulu həyata keçirilmiş, dünya prokurorlarının fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan hesabat və sənədlər müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinə uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılmışdır.

Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbirin sonunda Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilərək ətraflı fikir mübadiləsi aparılmışdır.