KÖŞƏ

Yaqut Ağaşahqızı

Baş nazirə siyasi dərs: Yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür!

19 fevral 2020 20:42
3223

Ölkə Prezidenti İlham Əliyevin  xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli  həlli mühüm yer tutur. Diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyəsində ifşa edilir və nəticə etibarilə bir sıra dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar və terrora rəvac verən bir dövlət kimi tanıyırlar.

Bu günlər istər ölkə, istərsə də dünya mətbuatında  əsas müzakirə mövzularından biri fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  keçirilən panel müzakirələrdir.

Dövlətimizin başçısı bu dəfə də konkret, sərrast, həm də təsirli və təmkinli fikirləri ilə dünyanın diqqətini yenidən işğalçı Ermənistanın əsl simasının təqdimatına yönəltdi.  Əsassız, sübutu  olmayan “faktlar”a söykənən  Nikol Paşinyandan fərqli olaraq, Prezident İlham Əliyev tarixi həqiqətləri faktların dili ilə həm işğalçı Ermənistanın rəhbərliyinə, həm də  tədbirin iştirakçılarına və bütövlükdə dünyaya çatdırdı. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-diskussiyada həqiqətlər qarşısında  Nikol Paşinyan öz yalanları ilə gülünc, həm də rəzil vəziyyətə düşdü və hər cavabında özünü biabır etmiş oldu.

Paşinyan məsələnin incəliklərini bilmir və görünən odur ki, bilməyə də  can  atmır. Çünki həqiqətə yalanları ilə qalib gəlməyin mümkünsüzlüyündən xəbərdardır.  O, orijinal görünmək üçün danışıqlar prosesinə öz mövqeyi ilə qoşulmaq istəyir. Halbuki, onun mövqeyi məzmunsuzdur. Özünü tam itirmiş, üzündə yazıq ifadə yaranmış Paşinyan sanki sülh üçün yalvarırdı. Bu, ermənilərin illərdir apardıqları “yazıq, məzlum” görüntü yaratmaq siyasətlərinin  tərkib hissəsidir. Eyni zamanda,  dərsini bilməyən şagirdin keçirdiyi hisslərin nümayişidir.  Müzakirənin gedişində çantasını eşələyərək kitablar çıxarması isə şagirdin “qeyd dəftərindən köçürməsini” xatırladırdı. Özlərinə saxta tarix yazıb həqiqətləri illərdir inkar yolunu tutan Ermənistan rəhbərinin bu gedişi bir daha onların əsl simasını ortaya qoydu. Paşinyan bir daha dərk etdi ki, tarix yazılmır, yaradılır. Tarixi faktlar isə onların apardıqları yalan təbliğatı deyil, Azərbaycanın illərdir dünyaya bəyan etdiyi həqiqətləri müdafiə edir.

Nikol Paşinyanın kürəyi tam şəkildə yerə vuruldu. O, Azərbaycan Prezidenti ilə müqayisədə ingilis dilini  bilməməsindən tutmuş Dağlıq Qarabağda Şaumyan adlı rayon olması ilə bağlı irəli sürdüyü cəfəng fikirlərinə qədər debat müddətində  çox  rəzil durumlara düşdü.   Çünki Paşinyanın müvafiq bilikləri, operativ reaksiya göstərmək bacarığı və həqiqi “ruhu” yox idi.

Prezident İlham Əliyevin timsalında Azərbaycanın Ermənistandan mənəvi-psixoloji üstünlüyü özünün aydın təsdiqini tapdı. Görünür bu səbəbdəndir ki, işğalçı Ermənistanın siyasətçiləri və ekspertlərindən tutmuş adi insanlarına qədər hamı Paşinyanın ağır məğlubiyyətini etiraf edir və buna görə ona qarşı ən sərt ittihamları irəli sürür, rəzil çıxışından, siyasi məğlubiyyətindən utandıqlarını  bildirirlər.

Prezident İlham Əliyev  xalqımızın mövqeyini növbəti dəfə mötəbər tədbirdə bəyan edərək Ermənistana mesaj ünvanladı ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq, üstəlik, respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü müzakirə mövzusu olmayacaq. Bütün bunları bir daha nəzərdən keçirəndə belə qənaətə gəlmək olar ki, Münxendə Nikol Paşinyanın yalanları nəinki yeridi, heç ayaq da tuta bilmədi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırır. Diplomatik mübarizədə qələbə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas amillərdən biridir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?