14 mart 2019 14:42
74

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə dördüncü dəfə keçirilən Dünya Kubokunun açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə əvvəlcə 41 iştirakçı ölkənin bayraqları nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçı ölkələri salamlayıb: "İdmançılarımızın beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələrlə fəxr edən ölkəmiz indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" kimi yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman sahəsindəki uğurlarının müəllifi ilk növbədə Prezident İlham Əliyevdir. Məhz cənab Prezidentin misilsiz fəaliyyəti nəticəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən olimpiya mərkəzlərində, idman məktəblərində və klublarında gənclərin idmanla məşğul olmaları və öz göstəricilərini yüksəltmələri üçün bütün şərait yaradılıb. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün Azərbaycanda inkişaf dövrünü yaşayır. Kişi və qadınlar gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Meriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmə və gənclər arasında bu idman növünün populyarlığı getdikcə artır, gimnastika ilə məşğul olanları sayı ildən-ilə çoxalır. AGF-nin 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yeri tutması məhz bu diqqətin təzahürü, ölkədə gimnastikanın inkişafı istiqamətində aparılan fəaliyyətin səmərəliliyinin göstəricisidir. İl ərzində təşkil olunan gimnastika üzrə Avropa və dünya miqyaslı yarışların sayına və keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər. Bakıda təkcə bu il ərzində gimnastikanın müxtəlif növləri üzrə 7 beynəlxalq yarış təşkil ediləcək. Bu, bizim üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir. Əmin etmək istərdim ki, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik". 

Y.Məmmədəliyev onu da qeyd edib ki, hazırkı Dünya Kubokunun fərqli cəhətlərindən biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. O, bütün idmançılara olimpiadada iştirak hüququ qazanmalarını arzulayıb və Dünya Kubokunu açıq elan edib. Daha sonra Azərbaycanın dövlət himni səslənib və yarışa start verilib.

Qeyd edək ki, dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacağı gözlənilir. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq. 

Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılacaq. Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.