04 iyun 2019 10:30
571

Bakı və Madrid reallıqlarına beynəlxalq baxış

Bakıda Avroliqanın və Madriddə Çempionlar Liqasının final oyunlarına fərqli baxışlar dünyanın ikili siyasətinə bir daha işıq saldı

Ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan reallıqlarının təqdimatına böyük töhfədir. Öncə bu məqamı xüsusi qeyd edək ki, Azərbaycanın sabitlik adası, ən əsası təhlükəsiz ölkə kimi tanınması və nüfuz qazanması mühüm tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirir. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi UEFA Avropa Liqasının final oyunu bir daha bu kimi məqamlara işıq saldı. UEFA-nın rəhbərliyi, idman ictimaiyyəti final görüşünün yüksək səviyyədə təşkilinə görə azərbaycanlı təşkilatçıları alqışlayaraq, onlara minnətdarlıqlarını ifadə etmişdilər.

Təbii ki, hər bir tədbirin yüksək səviyyədə təşkilində təhlükəsizliyin təminatı əsas yer tutur.  Avroliqanın finalı bu baxımdan xüsusi diqqət çəkən oldu. Həyata keçirilən təhlükəsizlik tədbirləri hər hansı xoşagəlməz hadisənin baş verməməsini təmin etdi. Nəzərə alaq ki, oyunu izləmək üçün ölkəmizə gələnlər təkcə azarkeşlər deyil, eyni zamanda, davakarlığı ilə dünyada tanınmış ingilis fanatları idilər. Kənardan adi futbol oyunu kimi görünsə də, təhlükəsizlik tədbirlərinin görülməsinə əsas verən çox məqamlar mövcuddur. Düşünmək olar ki, futbolçu oynamaq, azarkeş futbolu izləmək, dəstəklədiyi komandanın qalib gəlməsinə əlindən gələn köməkliyi göstərmək üçün oyuna maraq göstərir. Bu, məsələnin hər kəsə məlum olan tərəfidir. Amma bu məqamı da unutmayaq ki, hansısa arzuolunmaz hadisənin baş verməsi də qaçılmazdır.  Avropa Liqasının final görüşündən əvvəl və sonra cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir. Futbol adı ilə ölkəmizə gələn bəzi şəxslərin sözün əsl mənasında əsas məqsədləri onların oyun zamanı gerçəkləşdirmək istədikləri ssenarilərdən də aydın göründü.

Bir məqamı da nəzərə alsaq ki, UEFA turnirləri - Çempionlar Liqası və Avropa Liqasının final matçları hər il Avropanın müxtəlif ölkələrində keçirilir, bu halda ev sahibliyi edən ölkənin beynəlxalq münasibətlər sistemində yeri və rolu nə qədər diqqətçəkən olursa, bir o qədər də ona qarşı hansı təbliğat kampaniyasının həyata keçirildiyi maraq doğurur. Ədalət meyarının zamana və məkana görə dəyişdiyi dünyada bu məqama diqqət yetirməmək mümkünsüzdür. Bu gün Bakıda Avroliqanın və Madriddə Çempionlar Liqasının final oyunlarını müqayisəli şəkildə təhlil etsək, reallıqların hansı səviyyədə dəyərləndirildiyini, ən əsası ədalət meyarının necə qorunduğunu daha aydın görmüş olarıq.

Azərbaycan daim dünyanın ikili siyasəti ilə üz-üzə qalan ölkələrdən biridir. Matçdan öncə ingilis və digər Qərb KİV-lərinin apardığı təbliğata diqqət yetirmək kifayətdir. Amma reallıqlar “yalançını mənzilinədək qovdular.” Ölkəmiz barədə qarayaxma kampaniyalarının iştirakçıları və onlara dəstək olan KİV-lər fərziyyələrinin reallıqdan tamamilə uzaq olduğunun fərqində idilər. Azərbaycan bu günə qədər biri-birindən mühüm əhəmiyyət kəsb edən xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hər bir tədbir dünya mətbuatının səhifələrində Azərbaycanın yüksək təşkilatçılıq bacarığının təqdimatı kimi yer alıb. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Evrovision” mahnı yarışması və s. kimi tədbirlərin açılış və bağlanış mərasimləri dünyanı heyrətləndirəcək şəkildə təşkil olunmuşdu. UEFA Avropa Liqasının final görüşü də bu sıraya yüksək təşkilatçılığı ilə daxil oldu. Hər bir tədbirin açılış və bağlanış mərasimləri Azərbaycanın tarixini, mədəniyyətini, milli mənəvi dəyərlərini təqdim etməklə yanaşı, eyni zamanda, ölkəmizin müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən, birliyə, həmrəyliyə davamlı töhfələr verən ölkə imicinə də aydınlıq gətirir. UEFA Avropa Liqasının final oyunu ərəfəsində ingilis və Qərb KİV-lərin çirkin və yalana söykənən anti-Azərbaycan kampaniyası növbəti dəfə onların qərəzli, yalançı və qarayaxma təbiətini sübut etdi, idmanı siyasiləşdirdiklərini açıqladı. Bütün bunlar göstərdi ki, Qərb həmişə olduğu kimi, ikili standartlardan istifadə edir. Ədalət meyarının unudulduğu, bu prinsipin zamana və məkana görə tətbiq olunduğu dünyada belə yanaşmaların mövcudluğu qaçılmazdır.

Dünyanın ikili siyasətini təsdiqləyən bəzi məqamlara diqqət yönəltməklə  Avroliqanın finalına görə Bakıya hücum edənlərin əsassız ittihamlarını cavablandırmış oluruq.

Çempionlar Liqasının Madriddə keçirilən finalına qara bazarda saxta biletlər satılıb. Hətta saxta bilet satanlardan bəziləri saxlanılıb. UEFA saxta bileti olanların stadiona buraxılmayacağı haqqında xəbərdarlıq edib.

Hələ oyundan əvvəl CNN xəbər verirdi ki, Madriddə keçirilən Çempionlar Liqasının finalı ilə bağlı ciddi problemlər yaşanır. Xüsusilə biletlərin bahalığı, ingilis azarkeşlərin Madridə getmək üçün ciddi problemlərlə üzləşməsi, otellərdə yaşanan çətinliklər sadalanırdı. Finalda oynayacaq komandaların - “Liverpul” və “Totenthem”in hər birinə 17 min bilet verilib. Lakin biletlər artıq qara bazara düşüb. Qara bazarda bir biletin qiyməti 10 min dollardan 31 min dollara qədərdir. Bununla yanaşı, azarkeşlərin Madridə səfəri 12 saatdır və ən azı 9 min dollar xərc tələb edir. Azarkeşlər baş verənlərdən ciddi şəkildə narazıdır.

Avroliqanın finalına görə Bakını tənqid edənlərin nəzərinə bu tutarlı faktı da təqdim etmək istərdik. Madriddə 4 ingilis fanatı polisə itaətsizlik göstərdiyi üçün həbs edilib. Çox sayda ingilis yarımfinaldan geri qayıdıb.

Saxta bilet satanlar polis tərəfindən həbs edilib, çox sayda fanat, təyyarə bileti çox baha olduğu üçün qatarla gəlib. Təyyarə reyslərinin sayı artsa da çox sayda insan nəqliyyat çətinliyi ilə üzləşib.

IRISHMIRROR saytı yazır ki, iyunun 1-də Madriddə keçirilən Çempionlar Liqasının final matçını izləməyə gəlmiş ingilis fanat qeyri-etik hərəkətlər, italyan turistə həqarət və polisə hücum ittihamı ilə həbs olunub. Bundan əlavə, daha 5 ingilis fanatı həbs edilib. “Tottenhem” klubunun azarkeşləri iddia edirlər ki, qarşıdurma ispan polisinin pabda 50-dək ingilis fanatına qarşı zorakılıq tətbiqinə cavab olaraq baş verib. Bildirilir ki, polis paba daxil olaraq “heç bir səbəb olmadan” ingilis azarkeşləri döyməyə başlayıb. İRİSH MİRROR yazır ki, “Liverpul” klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişla İan Raş dəhşətli tıxaca görə avtomobillərini tərk edərək Çempionlar Liqasının finalının keçirildiyi Madrid stadionuna piyada getməli olublar. Qəzetin məlumatına görə, stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb. Avtomobili tərk edən “üçlük” “Liverpul” azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıblar.

İspaniyanın nüfuzlu “EL MUNDO” qəzeti yazır ki, qeyri-etik hərəkətlər edən və italyan turisti yaralayan ingilis azarkeş saxlanılarkən 3 polis əməkdaşına xəsarət yetirib. Məqalədə deyilir ki, polis hadisə yerinə mümkün iğtişaşların qarşısını almaq və saxta bilet satışına imkan verməmək üçün gətirilmişdi. Çünki Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə doludur. Bir müddət əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italyan həbs olunub. Azarkeşlər biletləri olmasına baxmayaraq stadiona buraxılmayıblar. Polis onlara qarşı zor tətbiq edərək geri qaytarıb. Bir fanat isə digərinin biletini oğurlayarkən yaxalanıb. Çox sayda fanat hava limanında, gecikməyə görə yeddi saat gözləməli olub.

“Radio Galler”in aparıcısı Vinn Evans Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də, aldanıb. BBC yazır ki, aparıcı iki biletə 7 min funtsterlinq ödəyib. “Biletləri onlayn aldıq, pulunu ödədik, lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. 14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”,- deyə Evans bildirib. O, sonra daha çox pul ödəyərək, iki bilet alıb. Lakin əvvəl ödədiyi pulu geri ala bilməyəcəyindən qorxur.

UEFA xəbərdarlıq edib ki, bir qrup şəxs Çempionlar Liqası üçün bilet oğurlayaraq baha qiymətə satıblar. UEFA-nın rəsmi saytında qiymətlər 70-600 avro olsa da, oğurluq biletlər minlərlə avroya satılıb. Madridin bələdiyyə polisi “yaxşı keyfiyyətli” olan saxta bilet satanı həbs edib, sosial şəbəkədə paylaşıb. Polis qeyd edib ki , 2 dolandırıcı biletin qiyməti 8.400 avro olub.

Bu fakt da açıqlanır ki,  Madriddəki stadionun tutumu 68 min nəfərlik olmasına baxmayaraq, “Liverpul” və “Tottenxem”ə cəmi 16.613 bilet ayrılıb. Buna görə fanatların çoxu oyuna gedə bilmədikləri üçün məyus olub, biletlər qara bazarda çox baha qiymətə satılıb. “Liverpul” rəhbərliyi Aleksandr Ceferi ilə bu barədə görüşüb danışıqlar aparsa da, heç bir nəticə və dəyişiklik olmayıb.

İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli BBC-yə verdiyi açıqlamasında belə deyib: “Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdır. Mən və İngiltərədən “Çelsi”-”Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından və sairdən razılığını ifadə edib.”

Göründüyü kimi, artıq geniş şərhə ehtiyac yoxdur. Əsas budur ki, reallığa düzgün dəyər vermək üçün ikili standartdan uzaq olub, ədalətə ədalət gözü ilə yanaşasan. Azərbaycana beynəlxalq baxış daim yüksək səviyyədə olub. Baxmayaraq ki, bəzi dairələr öz qısqanclıq hissini gizlədə bilməyərək əks təbliğat kampaniyası həyata keçirərək, ölkəmizi gözdən salmağa, reallıqlarımızı inkar etməyə cəhd edirlər. Hər dəfə bu cəhdlərin əsassızlığı hadisələrin gedişindən aydın olub. Çünki Azərbaycan addımlarını hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcəyi üçün atır. Bu baxımdan ölkəmizin hər sahədə təcrübəsi nümunədir, kompleks şəkildə hərtərəfli inkişafa xidmət edir. Azərbaycanın yüksək təşkilatçılıq bacarığını ortaya qoyan UEFA Avropa Liqasının final görüşü dünyanın idman tarixinə daha bir möhtəşəm səhifəni yazdı. Bu səhifənin müəllifi olan Azərbaycan hələ bundan sonra daha biri-birindən önəmli tədbirlərə ev sahibliyi edəcək, ən əsası dünyanın ən təhlükəsiz ölkəsi imicini möhkəmləndirəcək.

Yeganə Əliyeva, “İki sahil”