17 avqust 2019 18:39
225

Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Bakı Tikiş Evi (BTE) artıq 10 ildir vahid məktəbli formasının istehsalını və satışını həyata keçirir. “BTE” loqosu ilə məktəbli geyimləri dörd modeldə hazırlanır. Gigiyenik və uyğunluq sertifikatı olan formaların parçası Türkiyədən gətirilir və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verilir.

Bunu AZƏRTAC-a müsahibəsində BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib. Belə ki, I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26–dan 54 ölçüyədək 8 manatdır.

Diqqətə çatdırılıb ki, əhalinin rahat alış-verişini təmin etmək üçün Sumqayıt, Mərdəkan, Qaradağ, Buzovna və Sahil qəsəbələrində, habelə metronun müxtəlif stansiyalarının yaxınlığında BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə isə BTE-nin 9 filialı var. Satış mərkəzləri həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərindən məktəbli formasını və aksesuarlarını almaq olar.

Etibar Əzimov bildirib ki, BTE-nin “Qaynar xətt”i də fəaliyyət göstərir. Maraqlananlar (012) 597-45-39 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.