10 iyun 2019 10:40
460

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşıları sırasındadır

Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğusu kimi UEFA-nın Elit Stadionları siyahısına daxil edilib

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi yaradılmış, paytaxt Bakıda isə dünya səviyyəli idman qurğuları -Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı tikilib istifadəyə verilmişdir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib desək, yanılmarıq. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, ötən il BMX velosipedi, eləcə də cüdo üzrə dünya çempionatlarının, gimnastika üzrə mötəbər turnirlərin, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan bu il daha bir neçə mötəbər idman yarışına ev sahibliyi etdi. Dünyanın ən möhtəşəm idman qurğularından biri olan Bakı Olimpiya Stadionunda baş tutan mötəbər və nüfuzlu futbol yarışlarından biri olan UEFA Avropa Liqasının final matçı da bu qəbildəndir. Yüksək standartlara uyğun şəkildə tikilmiş və dizayn edilmiş, ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunmuş Bakı Olimpiya Stadionu yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gəldi. Zəngin mədəniyyət və mükəmməl infrastruktur sərgiləyən Azərbaycan dünyaya sözün yaxşı mənasında meydan oxudu. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işi, könüllülərimizin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut etdi.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu 2015-ci ildən fəaliyyətə başlayıb və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edir. Stadionun tutumu 68700 nəfər təşkil edir. Müasir görünüşlü stadion onu seyr edənlərə sanki burada idmandan daha artığını tapa biləcəklərin nümayiş etdirir. Bakı Olimpiya Stadionu 2015-ci ildə baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib.

Bu möhtəşəm idman qurğusu dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Layihə bir sıra parametrlərinə görə artıq dörd ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Belə ki, 2015-ci ildə inşaat sahəsində böyük nüfuza malik “Engineering News Record” jurnalının (ENR) “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsində “İdman və əyləncə qurğuları” nominasiyasında qalib gəlmiş Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunmuşdur. Stadion 2016-cı ilin mart ayında Amerika Mühəndislik Şirkətləri Şurası (American Council of Engineering Companies - ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan olunmuşdur. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir. Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş Thornton Tomasetti şirkətinin müraciəti əsasında iştirak etmişdir. Həmçinin 2017-ci ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən Dünya Stadionlar Konqresində Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” adına layiq görülmüşdür.

Budur, Bakı Olimpiya Stadionu yenə də dünyanın ən yaxşıları sırasındadır. Növbəti mükafat UEFA (Union of European Football Associations) tərəfindən gəlib. Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Olimpiya Stadionu aralarında “Allianz Arena”, “Aviva Stadium”, “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu gələn il UEFA-nın 60 illiyi münasibətilə ilk dəfə olaraq 12 müxtəlif stadionda keçiriləcək “Avro 2020”nin əsas stadionlarından biridir. Burada üç qrup matçı və bir 14 final qarşılaşması oynanılacaq.

Sevinc Azadi, “İki sahil”