05 iyul 2019 14:00
270

Aztəminatlı ailələrə qayğı - FOTO

Yeni Azərbaycan Partiyası yeni aksiyaya start verdi

Yasamal rayonu

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Xüsusilə də  ölkə  iqtisadiyyatında həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. 

Eyni zamanda, öz fəaliyyətində bu siyasəti rəhbər tutan Yeni Azərbaycan Partiyası da daim sosial prinsiplərdən çıxış edərək müxtəlif aksiyalar  həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfəsini verir.

Bu cür sosial tədbirlər çərçivəsində ötən gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasında  partiyanın Yasamal rayon təşkilatının Gənclər Birliyi  bir qrup kimsəsiz, əlil şəxslər və aztəminatlı ailələrlə yaşadıqları yerlərdə görüşlər keçirib, onlara zəruri ərzaq və digər məhsullardan ibarət yardım edib. 

Yasamal rayonunu əhatə edən aksiyada Xalidə Bağırova, Gülzar Əzizova, Arzu Pirimova, Bəyim Zahidova, Məmməd Sadıqov və digərləri, onların ailə üzvləri  ilə görüşlərdə Yeni Azərbaycan Partiyası tərəfindən bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib. Vurğulanıb ki, öz fəaliyyətində sosial istiqaməti prioritet qəbul edən YAP sosial-iqtisadi inkişafa yönəlik müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən kimsəsiz, əlil və aztəminatlı ailələrin daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.

Görüşlərdə o da qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə, qayğı ilə əhatə olunmalarına töhfə verməklə yanaşı, onlara xoş əhval-ruhiyyə yaşatmaq məqsədi daşıyır.

Xəzər rayonu

YAP Gənclər Birliyinin təşəbbüsü ilə reallaşdırılan “Aztəminatlı ailələrə qayğı” aksiyasına YAP Xəzər rayon təşkilatı və Gənclər Birliyinin üzvləri  də qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə və bir qrup əlilə yardım məqsədi ilə xeyriyyə tədbiri keçirdi.

Xeyriyyə  tədbirində YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan gəncliyi partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələri şərəfli işi ilə doğruldur, bu adı ləyaqətlə daşıyır. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı partiyada təmsil olunan gənclərimiz fəallıqlarını artırır, Vətənə layiqli xidmətləri ilə fərqlənirlər. Xəzər rayonunda yaşayan gənclərin partiyanın rayon təşkilatında çoxluq təşkil etməsi YAP-a ümumxalq inamının nətisəsidir. Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai işlərdə də fəallıq göstərirlər. Ərazi və əhali baxımından çox böyük olmasa da, ölkəmizin qüdrətli dövlət kimi dünya birliyində tanınmasında xüsusi rolu və xidmətləri olan gənclərimiz minlərlədir. 

Milli Məclisin deputatı Rauf Əliyev aksiyada iştirak edən gənclərə göstərdikləri xidmətə görə təşəkkürünü bildirərək qeyd etdi ki,  gənclər fəallıqları ilə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, Azərbaycanın uğurlarına qısqanclıqla baxan mənfur niyyətli qüvvələrə siyasi hazırlıqları, elmdə, iqtisadiyyatda qazandıqları nailiyyətlərlə cavab verməlidirlər.

Aksiyada iştirak edən YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvləri və digər fəalları tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış oldular.

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri Sadiq Əliyev bildirdi ki,  ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır.  Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də  YAP Xəzər rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Pirallahı rayonu

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasına qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə sovqat paylayıblar. Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov, sədrin müavini Elturan  Həşimov və partiyanın digər fəalları tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış olublar.

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır.  Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də  YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Xətai rayonu

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin təşkilatçılığı ilə “İmkansız ailələrə qayğı” adlı növbəti xeyriyyəçilik aksiyasına start verildi. İki gün davam edəcək aksiyanın keçirilməsində məqsəd imkansız ailələrə yardım etməkdən ibarətdir.

Sözügedən aksiya çərçivəsində YAP Xətai rayon təşkilatının gənc üzvləri rayon ərazisində yaşayan 10 imkansız ailənin ünvanına gedərək onlara ərzaq məhsulları payladılar. Gənclər, həmçinin yaşlı ailələrin evlərində səliqə-sahman yaradaraq onlara sevinc bəxş etdilər. 

Yardım alan imkansız ailələrin üzvləri ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıqdan tam razılıqlarını ifadə etdilər. Onlar yaradılan bu gözəl şəraitə görə cənab Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən onlara daimi olaraq diqqət və qayğı göstərilir, sosial-məişət məsələləri öz həllini tapır.

YAP Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti sosial layihələri uğurla həyata keçirir: “YAP Xətai rayon təşkilatı da bu siyasətə dəstək olaraq sosialyönümlü fəaliyyətini daha geniş şəkildə davam etdirir. Əsas məqsədimiz aparıcı partiya olaraq insanlara diqqət və qayğı ilə yanaşmaqdır. “İmkansız ailələrə qayğı” adlı xeyriyyəçilik aksiyası çərçivəsində kimin daha çox ehtiyacı varsa, onlara kömək etməyi nəzərdə tutmuşuq. Partiyamızın gəncləri bu xeyriyyəçilik aksiyasında yüksək fəallıqla iştirak edirlər. Azərbaycan dövləti hər zaman aztəminatlı ailələrə qayğı ilə yanaşır. Bu, bizim ənənəvi xarakter alan tədbirlərimizdəndir. Bu təşəbbüs cəmiyyət tərəfindən dəstəklənir, müdafiə olunur. Xalqımız cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursu və həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyirlər”.

Şəmsiyyə Əliqızı, Orxan Vahidoğlu,
Ceyhun Piriyev, Cavid Əkbərov, 
“İki sahil”