03 iyun 2020 21:03
509

“Azərxalça” ASC-nin Tərtər filialı açılıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı filialın açılışını bildirən rəmzi lenti kəsdi.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Diqqətə çatdırıldı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.

Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib.

X X X

Qeyd edək ki, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Ölkəmizin ərazisində aparılan arxeoloji qazıntılara və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının bənzərsizliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq, yaradılması nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib, 8-i istifadəyə hazırdır. Daha 10 fabrikin tikintisi layihələndirilir. Bundan başqa yunəyirici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində mühüm işlər görülür.