15 aprel 2019 16:31
77

“Azərsu” Xətaidə su xətlərini yeniləyir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakınn Xətai rayonu ərazisinin bir hissəsində məhəllədaxili və zirzəmidən keçən su xətlərinin yenilənməsinə başlayıb.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “İki sahil”ə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin ərazidə köhnəlmiş xətlər yenisi ilə əvəzlənir: "Sovet dövründə tikilmiş və istifadəyə yararsız olan bütün su xətlərini yeniləyirik. Hazırda biz Xətai rayonu ərazisini 3 saat səhər, 3 saat axşam içməli su ilə təchiz edirik. Yəni, bu gün yalnız qrafiklə su vermək üçün texniki imkanlarımız var. Amma gələcəkdə bu işlər tam yekunlaşandan, bütün məhəllədaxili, binadaxili xətlər yenilənəndən və sayğacla təmin olunandan sonra imkanımız var ki, həmin ərazilərdə hidrofor sistemi qurulsun və sakinləri 24 saat fasiləsiz içməli su ilə təchiz edək."

A.Cəbrayıllı onu da qeyd edib ki, "Azərsu" binalardan su çənlərini yığışdırmayacaq: "Gələcəkdə xətlər yenilənəndən sonra da sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasınlar və yeni xətdən sayğacdan keçmək şərti ilə çənlərindən istifadə etsinlər. Hazırda 38 binanın su xətlərinin yenilənməsi nəzərdə tutulur. Hələ ki, həmin binalara qrafiklə su veriləcək. Bu ərazidə yenilənmə tam başa çatandan sonra vətəndaşların fasiləsiz su ilə təmin olunması məsələsinə baxıla bilər."

Orxan Vahidoğlu, “İki sahil”