12 fevral 2019 11:11
355

Azərkosmos BANM-da seminar keçirdi

Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib. Seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmosun nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər.

“Iki sahil” xəbər verir ki, Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurla öz əməkdaşlığını davam etdirir. Rektor bildirib ki, BANM-ın tələbələri  “Azərkosmos” və  Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar. “Ali Məktəbin tələbələri Azərkosmosun təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər”- deyə rektor bildirib.

Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələskərov və İsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər.

Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib.

Seminardan sonra Azərkosmosun nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.