26 aprel 2019 20:16
488

“Azəriqaz”ın təmir-tikinti idarəsində mülki müdafiə məşqi keçirilib

“Azəriqaz” İstehsalat Birliyinin “Mülki Müdafiə” üzrə tədbirlər planına uyğun olaraq, aprelin 26-da birliyin təmir-tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda “Obyekt” mülki müdafiə məşqi keçirilib.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məşq idarə işçilərinin inzibati binadan təxliyə edilməsi ilə başlayıb, təxliyə zamanı şərti zədə almış işçiyə ilkin tibbi yardım göstərilməsi ilə davam etdirilib. Məşqin gedişi zamanı konkret hallarda “Obyekt” mülki müdafiə məşqinə cəlb olunmuş şəxsi heyətin hər bir üzvünün düzgün qərarlar qəbul etmələri, lazımi tədbirlərin mülki müdafiə qüvvələri tərəfindən vaxtında yerinə yetirilməsi və mexanizminin məqsədəuyğunluğu yoxlanılmış, həmçinin dəqiqləşdirmələr aparılıb.

Məşq zamanı ərazidə və inzibati binada baş vermiş yanğının söndürülməsi və qaz xətlərində baş vermiş qəzaların aradan qaldırılması zamanı görülən əməli işlər nümayiş olunub.

Sonda məşqin nəticəsi ilə bağlı toplantı keçirilib, tövsiyə, eləcə də müvafiq tapşırıqlar verilib və ümumilikdə məşqin nəticəsi qənaətbəxş hesab edilib.