Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 noyabr 2020 11:35
593

“Azəriqaz”ın rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərinin, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Yevlax rayonunun, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Zərdab rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Birlikdən "İki sahil"ə verilən məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə təbii qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. Bundan başqa, sentyabrın 27-də başlayan işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən 2 əsgər və şəhid ailəsinin üzvləri də fərdi şəkildə qaz çəkilişinə köməklik göstərilməsini istəyib. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin dərhal həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

“Azəriqaz”ın baş direktoru Tərtər Regional Qaz İstismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyanla maraqlanıb. Məruzə olunub ki, hazırda Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzuli rayonlarında qaz təchizatına dair hər hansı problem qalmayıb. Yalnız Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində qaz xətlərinə və sayğaclara ciddi ziyan dəyən 34 binada təmir prosesinə ehtiyac var. Bu binalarda yaşayan 1100 abonentin qaz şəbəkəsi, demək olar ki, sıradan çıxıb. R.Əliyev bu çətinliyin tezliklə aradan qaldırılması üçün Bakıdan tikinti heyətinin və lazımi təchizat avadanlıqlarının bölgəyə ezam ediləcəyini bildirib.