07 may 2020 11:41
1532

“Azəriqaz”da satınalmalar optimallaşdırılır

“Azəriqaz” İstehsalat Birliyində satınalmalar optimallaşdırılır.

Birlikdən bildirilib ki, “Azəriqaz” koronavirus (COVID-19) pandemiyasının kəskin yayılmasından sonra dünya enerji və səhm bazarlarında baş verən müəyyən dəyişiklikləri diqqətlə izləyir və buna uyğun olaraq öz fəaliyyət istiqamətində bəzi məqamlara yenidən baxmalı olur. Qlobal pandemiya birliyin təsərrüfat fəaliyyətinə təsirsiz ötüşməyib, fors-major şəraitində icrada olan mal-material və xidmətlərin alqı-satqı müqavilələrinə yenidən baxılması və müvafiq razılaşmaların əldə olunması məsələləri gündəmə gəlib. Bununla yanaşı, nəticələri təsdiq edilməyən, eləcə də yeni elan olunan satınalma müsabiqələri təxirə salınıb. Beləliklə, birlik büdcə və idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması və planlaşdırılması istiqamətində tədbirlər görməkdədir.

Təbii qazdan istifadə edən bütün istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada qazla təchizatını təmin etmək “Azəriqaz” İstehsalat Birliyi üçün prioritet məsələ olaraq qalır. Yalnız qaz təchizatının davamlılığı, o cümlədən qəza-bərpa işlərinin operativ olaraq yerinə yetirilməsi üçün zəruri miqdarda mal-materiallar, iş və xidmətlər istisna olmaqla, digər təyinatlı alqı-satqı müqavilələrinin icrası dayandırılıb.