Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 iyun 2020 09:07
2683

«Azəriqaz» İB pandemiya dövründə işini günün tələbləri səviyyəsində qurub

Ruslan Əliyev: Bu kabusdan qurtarmaq üçün hər kəs  yeni iş münasibətlərinə, yeni davranış qaydalarına riayət etməlidir

Dünyanın qorxulu bəlasına çevrilmiş COVID-19 koronavirus infeksiyası, eyni zamanda, fərd olaraq insanları, kollektiv olaraq təşkilatları yeni iş münasibətləri qurmağa vadar edir. Bu gün məhz bu kabusdan qurtarmaq üçün hər kəs öz işi və əməli ilə yardımçı olmalı, yeni iş münasibətlərinə, yeni davranış qaydalarına riayət etməlidir. Təbii ki, SOCAR-ın ən böyük təşkilatı olan «Azəriqaz» İstehsalat Birliyində (İB) bu istiqamətdə səmərəli və ciddi tədbirlər həyata keçirilir. Müsahibimiz «Azəriqaz» İB-in baş direktoru Ruslan Əliyevdən  pandemiya dövründə Birlikdə yeni yaradılan iş qaydaları və münasibətləri barədə müsahibə aldıq.

-Ruslan müəllim, «Azəriqaz» İB koronavirus pandemiyasının yayılması şəraitində əhaliyə qaz təchizatı sahəsində kommunal xidməti necə həyata keçirir?

-Heç şübhəsiz, dünya üzrə sürətlə yayılan COVID-19 pandemiyası ictimai həyatın bütün sahələrinə neqativ təsir etməklə yanaşı, iqtisadiyyatda durğunluğun yaranmasına səbəb olur.  Məhz koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması vəzifəsi sosial izolyasiya yönümlü tədbirlərin həyata keçirilməsi ilə şərtlənən karantin rejiminin tətbiqini zəruri etdi. Bu da ilk dövrdə bəzi sahələr üzrə fəaliyyət göstərən müəssisələrin iş müddətinin məhdudlaşdırılması, xüsusi tənzimlənməsi, bəzi hallarda isə müvəqqəti olsa da tam dayandırılması ilə müşayiət olunur. Bununla belə, pandemiya ilə mübarizə şəraitində insan həyatının və sağlamlığının qorunmasını ali məqsəd hesab edən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əhalinin aztəminatlı kateqoriyasının sosial dayanaqlığı möhkəmləndirilib, səhiyyə institutlarının maddi-texniki təchizatı gücləndirilib, yeni modul tipli xəstəxanalar açılıb, koronavirus infeksiyasının yayılması ilə əlaqədar zərər çəkmiş kommersiya subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün zəruri tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə «Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib. Dünyada vüsət almış koronavirus pandemiyasının ölkəmizdə əhalinin sağlamlığına yarada biləcəyi təhlükənin və digər fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın «Xüsusi rejimdə iş üzrə Təlimat»ını və digər məlumatlarını, eləcə də SOCAR rəhbərliyinin  bununla əlaqədar müvafiq əmrlərini əsas tutaraq «Azəriqaz» İB koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönələn əlavə tədbirlər haqqında qərar qəbul etdi.

Həmin qərara görə, qaz təchizatı sahəsində göstərilən kommunal xidmətlərin spesifikliyi nəzərə alınmaqla mövcud texniki imkanlardan istifadə edərək müvafiq meyarlar (yaşı 60 yaşdan  yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan işçilər və s.) əsasında siyahısı müəyən edilən işçilər üçün əmək funksiyasının bilavasitə evlərindən həyata keçirilməsinə şərait yaradıldı.

Bundan başqa, iş yerlərinin mütəmadi olaraq dezinfeksiya olunması, inzibati binada yerləşən bütün liftlərin, sanitar qovşaqların qarşısında əllərin dezinfeksiya edilməsi üçün xüsusi vasitələrin quraşdırılması təmin edilib. İşçilər dövri olaraq koronavirus infeksiyasına yoluxmanı müəyyən etmək üçün testlərdən keçirilir, bütün əmək kollektivinə sanitar-gigiyena, karantin rejiminin tələblərinə ciddi əməl olunması tapşırılır. Karantin rejiminin tələblərinə tam riayət etməyən işçilər barədə intizam, əmək funksiyalarını yerinə yetirərkən abonent məmnuniyyətini qazanan işçilər barəsində isə həvəsləndirici tədbirlər həyata keçirilir.

 

-Vətəndaşların qəbulu və strukturlara nəzarət necə həyata keçirilir?

 

-Birlik qaz təchizatı sahəsində fasiləsiz xidmətin göstərilməsi məqsədilə ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq fəaliyyətini gücləndirilmiş iş şəraitində təşkil edir. Mütəmadi olaraq videokonfrans formatında Birliyin aidiyyəti struktur bölmələrinin rəhbərliyi ilə iclaslar keçirilir, vətəndaşların qəbulu təşkil olunur, bunun nəticəsi üzrə müvafiq tapşırıqlar verilir və icrasına nəzarət təmin edilir.

 

-Ruslan müəllim, «Azəriqaz» İB-nin qanunvericiliklə tənzimlənən fəaliyyətinin təkmilləşdirilməsi sahəsində hansı tədbirlər görülməkdədir?

 

- Təbii ki, hər hansı sahədə münasibətləri nizamlayan normativ-hüquqi aktlara riayət etmək bəzən yetərli olmur. Tənzimlənən sahədə tendensiyaları və onların real tələblərə uyğunluğunu nəzərə alaraq, yeni qanunlar qəbul etmək, qanunvericiliyi təkmilləşdirmək, qanunvericilikdəki boşluqları doldurmaq, kolliziyaları aradan qaldırmaq lazımdır. Çünki qəbul edilən normativ-hüquqi aktların effektivliyi və faydalı iş əmsalı onun tənzimləmə funksiyalarının keyfiyyəti və tamlığından asılıdır. Təsadüfi deyil ki, ölkə başçısının «Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında» 29.05.2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə 22 il öncə 1998-ci ildə qəbul edilmiş «Qaz təchizatı haqqında» Qanunun yeni layihəsini hazırlayaraq dövlət başçısına təqdim olunması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təşkil olunmuş «Energetika haqqında» qanun layihəsinin hazırlanması ilə əlaqədar texniki tapşırıqların formalaşmasında «Azəriqaz» İB-nin mütəxəssisləri fəal iştirak edirlər.

Qeyd etmək lazımdır ki, sahə üzrə münasibətləri tənzimləyən qanunvericilik aktlarında («Qaz təchizatı haqqında» Qanun, «Qazdan istifadə qaydaları») qazdan qanunsuz istifadə (qaz kəmərinə özbaşına qoşulma və ya qaz sayğacının yararsız hala salınması) edilməsinə görə dəyən ziyanı müəyyənləşdirən normalar təsbit olunmayıb. Bu boşluqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlarla razılaşdırılmış «Qazdan istifadə qaydalarında əlavə və dəyişikliklər» layihəsi hazırlanaraq münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim olunub. Ümidvarıq ki, sahə üzrə münasibətlərin təkmilləşdirilməsinə, mövcud boşluqların aradan qaldırılmasına yönələn bu təkliflər tezliklə qanunvericilik səviyyəsində qəbul ediləcəkdir.

Elçin Zaman,

«İki sahil»