15 mart 2020 15:39
1307

"Azəriqaz" da xidmətləri məhdudlaşdırır

“Azəriqaz” bəzi məkanlarda xidmətlərin göstərilməsini müvəqqəti məhdudlaşdıracaq

Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 20-dək məhdudlaşdırılacaq. Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində qurum da qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq.

Sabahdan etibarən dörd gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Buraya yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir. Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı dörd gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq.

Martın 15-dən 20-dək bölgələrdə yerləşən “ASAN xidmət” mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq. Ehtiyac yaranarsa, bu xidmətlərin göstərilməsi “Azəriqaz” İstehsalat Birliyinin və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da təşkil ediləcək. Bayram günlərində isə Birliyin Gəncə, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional Qaz İstismar idarələri, Bakı Regional Qaz İstismar Departamenti və Sumqayıt Qaz İstismar Sahəsi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.