18 mart 2019 17:31
141

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Birlikdən bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə “Azəriqaz” tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli Çağrı mərkəzinin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Təmir-Tikinti İdarəsində, texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olunması, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi xahiş olunur.