12 mart 2020 20:25
1834

Azərbaycanlıların soyqırımının şahidi nəql edirdi ki...

On yeddi il əvvəlin sözüdür. Redaksiyaya Əkbər Əliyev adlı bir ağsaqqal gəlmişdi. O, əslən Qərbi Azərbaycanın -indi Ermənistan adlandırılan respublikanın Vedi rayonundan idi. Həm maraqlı, həm də  acı həyatından həyəcanla danışırdı. Vətənində dəfələrlə doğma yurd-yuvasından, əlləri ilə tikdiyi ev-eşiyindən didərgin salınmasını göz yaşları ilə nəql edirdi. Deyirdi ki, 1988-ci ildən on beş il keçsə də nə erməninin xisləti dəyişib, nə də qaniçən düşmənlərimiz işğalçılıq siyasətinə əl çəkiblər. Mövzunun aktuallığını nəzərə alaraq 102 illik tarixi olan soyqırımının şahidi ilə o vaxtkı söhbətimizi yenidən oxucularımıza çatdırmağı lazım bildim...

Əkbər Əliyev öz kədərli  hekayətinə belə başladı...

-Oğul, bu yaşadək çox əzablı yollar keçmişəm, ömür bizə verilən əmanətdir, bu gün varam, sabah yox. Ona görə də gəldim ki, tarix boyu bizə zülm edən ermənilərin vəhşiliyindən, bizi necə qırıb-çatmasından danışım, gələcək nəsillər bunları yaddaşlarında saxlasın, dostuni-düşmənini tanısınlar, ayıq olsunlar!

Əkbər kişi söylədi ki, 1919-cu ilin əvvəllərində ata-babalarının yaşadıqları Şahablı bölgəsini birləşdirən səkkiz para kənd erməni quldur dəstələrinin silahlı hücumlarına məruz qalmışdı. Ermənilər bir neçə gün ərzində Çanaqçı, Birəli, Yuxarı və Aşağı Şahablar kənlərdini yandırıb külə döndərdilər. Sonra Çığın bölgəsinə keçib orada 22 kəndi od vurub yandırdılar,  əhalisini qırdılar. Öldürülənləri dəfn edən qalmadığı üçün kəndlər özləri boyda  qəbiristanlığa çevrilmişdi. Bu arada ermənilərin Van polkunun Vediyə qəfil hücumu vəziyyəti daha da ağırlaşdırdı.

Ağsaqqal nəql edirdi ki, ayağı yer tutanlar özlərini Araz sahilinə çatdırmağa  tələsirdilər. Mən də qaçqın dəstələrindən birində idim. Yüzlərlə insan-cavanlar, qocalar, uşaqlar, qucağı uşaqlı gəlinlər Araz sahilinə çatanda xəbər gəldi ki, erməni qoşunu bura yaxınlaşır. Hamı həyəcan içində idi. Qız-gəlinlər əsir düşməmək üçün özlərini Araz çayına atırdılar. Çünki körpünü qoruyan İran sərbazları  bizi o taya buraxmırdılar. Yadımdadır, zabit irəli yeriyib camaatın qarşısını kəsdi, geri qayıtmağımızı tələb etdi. Geri qayıtmaq isə ölümə bərabər  idi. Gözlənilmədən dəstəsi ilə özünü bura  yetirən Abbasqulu bəy Şadlinski dərhal silahını çəkib bizi o taya buraxmayan zabiti güllələdi, şlaqbaumu qaldırıb: -Gəlin, tez keçin-dedi. Sərbazlar isə  kənara çəkilib mane olmadılar. Ancaq Arazın o tayında çörək tapılmırdı, qaçqınların bir çoxu orada acından  öldü. Bizim ailə xaraba qalmış bir dəyirmana sığınmışdı. On dörd nəfərlik ailəmizdən on biri qışdan yaza sağ çıxa bilmədi, onlar soyuqdan və aclıqdan ölmüşdülər.

-Eh, ay bala, mənim gözlərim nələr görmədi? Hansı birini deyim, ermənilər mənim sinəmə o qədər çalın-çarpaz dağlar çəkiblər ki! Hamısını danışsam bir kitaba sığmaz.

Kişini yenə də qəhər boğdu. Qısa fasilədən sonra söhbətinə davam etdi:

-Sovet hökuməti gələndən sonra ermənilərin bizi qırmasından danışmaq belə qadağan edildi. Əgər danışan olsaydı, dəhşətli NKVD tərəfindən “gedər-gəlməz”ə göndərilirdi, oradan isə heç kəs sağ qayıtmırdı. Bolşeviklər bizi öz cəlladlarımızla dost, qardaş olmağı təbliğ edir, qırğınları bizə unutdurmağa çalışırdılar. Bu işlərin başında Stalinin yaxın silahdaşları, SSRİ hökumətində yüksək postlar tutan Qriqori Orconikidze və  Anastas Mikoyan dururdu. Yetmiş il bu cür yaşadıq.

Nəhayət,  1988-ci il hadisələri başlandı. Ermənilər kəndlərdə özününkülərə “Hayjoqovat” yazılmış çağırış vərəqələri  paylayırdılar. O vərəqələrdə yazılmışdı:  “Erməni xalqı, nə vaxtadək qəflət yuxusunda qalacaqsan?  Ayılın, anlayın ki, Qarabağ da, Naxçıvan da sizindir”.

Bu çağırışlardan sonra zorakılıqlar daha da artaraq dözülməz həddə çatdı. Həmin ilin mart ayında ermənilər çay daşları doldurulmuş 50-yə qədər  yük maşını ilə Şirazlı kəndinə hücum edərək evinin həyətində, küçələrdə adamları  “daş müharibəsinə”  məruz qoydular. Nəticədə ölənlər və yaralananlar oldu. Ertəsi gün kənddən 700 ailə qaçıb Türkiyə sərhədinə getdi.  Biz SSRİ rəhbəri Mixail Qorbaçova yüzlərlə məktublar yazıb, teleqramlar vurduq, amma heç  birinə cavab gəlmədi. Sən demə, bu cinayətlərin başında o özü dayanırmış. Beləliklə, qaçqın düşmüş camaat yeddi ay kəndə qayıtmadı.

Bir gün Vedi rayon partiya komitəsinin katibi Osipyan və prokuror Adamyan məni çağırıb dedilər ki, a kişi, sən sözü keçən adamsan, get camaatı kəndə qaytar. Arxayın olun, araya  şuluqluq salanları hökmən  cəzalandıracağıq.

Mən onların sözlərinə inanıb xəbər göndərdim ki, vəziyyət yaxşılaşacaq, hamı kəndə qayıtsın. Hamı mənə inandı, camaat öz ev-eşiyinə qayıtdı. Lakin noyabrın 30-da səhər saat 10-da Osipyan və Adamyan təxminən yüz nəfərlik  silahlı dəstə ilə kəndə doldular, əhalini zorla evlərindən çıxarıb meydana yığdılar. Orada hədə-qorxu gəlib  hamımızın qızıllarını, pullarını, əmanət  kitabçalarımızı əlimizdən aldılar. Sonra hamımızı kənd mədəniyyət evinə apardılar. Şübhə yox idi ki , onlar bizi öldürməyə aparırlar.  Xoşbəxtlikdən elə bu dəmdə kəndə tanklar və PDM-lər gəldi. Sonradan bildik ki, kəndçimiz Fəxrəddin müəllim təsadüfən ermənilərin kəndə hücum edəcəklərini bir gün əvvəl öyrənibmiş və vaxt itirmədən  özünü Sədərəyə yetirib. Vəziyyətdən hali olan Naxçıvanın o vaxtkı rəhbərliyi orada olan sovet ordu hissələrinin komandirləri ilə təcili danışıqlar aparıb. Naxçıvandan göndərilən zirehli texnikanın müşayiəti  ilə Şərur rayonuna gəldik və beləliklə, ölümdən xilas olduq. Ancaq ömrü boyu qazandığımız var-dövlət, tikdiyimiz cah-cəlallı evlər hamısı yağılara qismət oldu. Biz isə öz Vətənimizdə dəfələrlə didərgin vəziyyətinə salındıq.  Bir müddət Şərur rayonunda qaldıq, sonra köçüb Biləsuvarda məskunlaşdıq.

Əkbər kişi söhbətinə son verib bildirdi ki, ümidimiz gənclərə və gələcəyədir. Axıdılan qanımızın qisası alınmalı, torpaqlarımız azad olunmalıdır, bizim nəsil xəcil qaldı, qoy indiki nəsillərimiz bu şərəfli işi öz çiyninə götürsün, hamımızı bu utanc verən müvəqqəti  məğlubiyyətdən şərəflə çıxarsın.

Vəli İlyasov, “İki sahil”