13 yanvar 2021 17:44
211

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası nələri vəd nədir?   

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları  Bəyanat uzun illər biri-biri ilə münaqişədə olan iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Görüləcək işlərin əsas istiqamətlərinin siyahısı məlum olmasa da, prioritet qismində dəmir yolu və avtomobil yollarının olacağı bəllidir.  

Azərbaycanla Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, ilk növbədə iki ölkənin iqtisadi-ticari əlaqələrinin inkişaf etdirilməsi deməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlının sözlərinə görə, kommunikasiyaların açılması nəticəsində Ermənistanın ticarət dövriyyəsində Azərbaycanın payı  ilk dövrdə 1 faiz ola bilər.

Digər tərəfdən, bu, Azərbaycanın özünün tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə quru yolla əlaqəsinin yaranması deməkdir. Hazırda Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə, hava yolları vasitəsilə mümkündür ki, bu da digər nəqliyyat növləri ilə müqayisədə həm bahalıdır, həm də problemlidir. Bu baxımdan Naxçıvanla nəqliyyat dəhlizinin yaradılması bahalı nəqliyyat vasitəsinə daha ucuz alternativ olan avtomobil yolu və dəmir yolu xəttinin mövcud olacağı deməkdir.

Ümumilikdə isə regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verir. Söhbət ondan gedir ki, nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması  ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində olduqca vacib amildir. Məsələyə dəmi ryolu prizmasından baxanda, bu, Azərbaycana regiondakı digər 5 ölkənin dəmir yolu xətləri sistemi ilə əlaqələndirilmək imkanı verəcək. İİTKM-in rəhbəri hesab edir ki, regionda ümumilikdə kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ümumi daxili məhsulunu 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər.

Ermənistana gəlincə isə kommunikasiyaların açılması bu ölkənin ticarət dövriyyəsində böyük paya malik olan Rusiya ilə əlaqə yaratmış olur. Eyni zamanda, hesab edilir ki,  Azərbaycan və Türkiyənin dəmir yolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi İrəvanın nə dərəcədə rasional siyasət yürütməsindən asılı olacaq. Belə ki, Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şanslarını da qiymətləndirməli olacaq. Çünki çətin coğrafi şəraitdə Ermənistan-İran dəmir yol layihəsinin tikintisinin iqtisadi cəhətdən əlverişli olmadığını nəzərə alanda, Cənubi Qafqazda kommunikasiyaların açılması bu ölkəyə İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran körfəzi və Oman körfəzinə və Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır.

Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası region ölkələri- Rusiya, Türkiyə və İran üçün də böyük əhəmiyyətə malikdir. Belə ki, Rusiya bu vasitə ilə Avropaya daha bir quru yolla çıxış əldə edir. Bu ölkənin Avropa istiqamətində qonşuları ilə münasibətlərini nəzərə alanda, sözügedən amilin əhəmiyyəti daha da artır. Həmçinin Türkiyə ilə Orta Asiya arasındakı ticarət marşrutu dəyişə bilər. Belə ki,Türkiyə sərhədindən İran ərazisinə daxil olub Türkmənistan sərhədinədək gedən hər bir yük maşını 1800 kilometr qət etməli olur. Lakin bu yolun  Azərbaycan və Ermənistan üzərindən keçəcəyi təqdirdə məsafə azaldığı kimi,  tranzit haqqının da azalması mümkündür. Kommunikasiyaların açılması bundan əlavə Türkiyə-Ermənistan əlaqələrini də xeyli genişləndirə bilər. V. Qasımlının qənaətinə görə,  Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə yüksələ bilər. Eyni zamanda, İran Naxçıvan üzərindən dəmir yolu ilə Ermənistana çıxış əldə edə biləcək. İki ölkənin quru sərhədlərinin olmasına baxmayaraq, bu sərhədi keçən dəmiryol xətti yoxdur.

Vaxtilə inşa edilmiş dəmir yolu Ermənistanın paytaxtı İrəvandan Naxçıvana daxil olduqdan sonra Naxçıvan-İran sərhədiboyu keçərək Ermənistan dəhlizi ilə Azərbaycana bağlanırdı. Müharibə səbəbindən Naxçıvan üzərindən İranla dəmiryol əlaqəsi kəsilib. Ermənistanın Türkiyə və Azərbaycanla da dəmiryol xətləri eyni səbəbdən işləmir. Ermənistanı dünyaya bağlaya biləcək yeganə dəmir yolu Gürcüstan ərazisindən Rusiyaya keçirdi. Ancaq bu dəmir yolunun keçdiyi bölgədə yerləşən Abxaziya “müstəqilliyini”  elan etdikdən sonra Gürcüstan bu bölgə ilə nəqliyyat əlaqəsini kəsib və Ermənistanın Rusiyaya yolu bağlanıb.

Prezident İlham Əliyev  Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində regiondakı bütün ölkələrin Naxçıvan dəhlizindən faydalanacağını bildirmişdi:  “Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər... Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun”. Bu mənada sözügedən məsələ, həmçinin sülhə xidmət etmiş olacaq.

 Ceyhun Piriyev, “İki sahil”