18 mart 2019 11:21
187

Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə böyük töhfə

Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqı bu gün  təsadüfən dünyanın 10 xoşbəxt ölkəsi sırasında yer almayıb. Zəngin tarixə, mədəniyyətə,  ədəbiyyata, milli mənəvi dəyərlərə malik olan xalqımız  bütün dövrlərdə tarixinə sahib çıxmış, onu  parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir.  Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. O,  daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə  qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmiz üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli mənəvi dəyərlərində ehtiva  olunur, bu halda ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz  ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bu günümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik.

Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.  Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  “Azərbaycan əlifbası və  Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edən 2001-ci il  13 avqust bəyanatı da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.

Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir.  “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki,  bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir:

“Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.”  Cənab İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da məhz bu məqsədə xidmət edir.

Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi də inkaredilməz həqiqətlərdir. Bu gerçəkliklər dövlətimizin başçısının məlum fərmanında da öz əksini tapıb ki, mövcud  sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu problemlərin həlli məqsədilə imzalanan sənədə əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradıldı.

Dövlətimizin başçısı AMEA-nın illik ümumi yığıncağında ədəbiyyat üzrə araşdırmaların da  davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: “Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.”  Cənab İlham Əliyevin Sərəncamı ilə  2019-cu ilin “Nəsimi ili” elan edilməsində də məqsəd Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu ənənələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü  ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin  2019-cu ili “Nəsimi ili” elan etməsi  Ulu Öndərin bu istiqamətdə gördüyü  işlərin uğurlu davamıdır. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan  İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. Onun   bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində,  ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Ölkə Prezidentinin məlum Sərəncamı  dahi şairin yaradıcılığının bütün istiqamətlərinə  işıq salır. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki,  yubleylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətəlrini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir.  İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Tariximizin öyrənilməsi, indiki və gələcək nəslə çatdırılması da prioritet məsələlərdəndir. “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır,  təhrif olunur.

“Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var” söyləyən ulu öndər Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumalıdır: “Xalq gərək daim  öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.”

Yeganə Əliyeva, “İki sahil”