07 avqust 2019 20:15
377

Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır

Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı

“Regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.”

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək “Bakı Prosesi”nə start verdi.

Dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması bir daha dövlətimizin xarici siyasət kursuna dəstəyi, önəmi ortaya qoydu. Cari ildə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə və onlar üçün seçilən mövzulara diqqət yetirdikdə Azərbaycanın dünyaya səs salan inkişaf modelinin və təcrübəsinin uğurları aydın görünür. VII Qlobal Bakı Forumunun, onun ardınca V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna aydınlıq gətirməklə yanaşı, ölkəmizdən dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajının ünvanlanmasını şərtləndirdi.

2011-ci ildə ilk dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edilməsi ideyasının mövcud reallıqlarımızın müzakirəsi üçün geniş formatın yaradılmasını arzumuzdan qaynaqlandığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi vurğulayır ki, bu gün buna əvvəlkindən daha çox ehtiyac var: “Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir.” Məhz bu dəstəyin nəticəsidir ki, 2016-cı il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmiş, 2017-ci ilin 12-22 may tarixlərində ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır.

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir.

2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi də bir çox məqamlara aydınlıq gətirdi. Tədbirə Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyildi. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəsi ilə diqqətdədir.  Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Asiya ilə Avropa arasında yerləşən Azərbaycanı müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaika kimi dəyərləndirməsi ölkəmizə verilən önəmi bir daha ortaya qoyur. İslam Əməkdaşlıq Təşkilatının təmsilçiləri bildirir ki, biz ədavətə, ekstremizmə qarşı çıxırıq, qarşılıqlı anlaşmanı, mədəni müxtəlifliyi təşviq edirik və istəyirik ki, sivilizasiyalararası dialoq daha da artsın. Bundan sonra da sivilizasiyalararası, dinlərarası dialoqa dəstəyimizi davam etdirəcəyik. İSESKO-nun rəsmiləri “Azərbaycan beynəlxalq səylərin məhz mərkəzində dayanır” söyləyərək cənab İlham Əliyevin davamlı şəkildə göstərdiyi səyləri, belə bir çiçəklənən ölkəni yaratmaq üçün gördüyü işləri yüksək dəyərləndirirlər. Bu fəaliyyət nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı irəliləyiş,  müasirlik və sabitliyin nümunəsinə çevirib.

Ölkəmiz haqqında səsləndirilən bu kimi fikirlərin sayı-hesabı yoxdur. Təbii ki, bu fikirlər sadəcə söz olaraq deyilmir, Azərbaycanın reallıqlarını özündə əks etdirir. İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Dövlətimizin başçısı İlham Əliyev bir əsas məqamı xüsusi qeyd edir ki, ən böyük maraq doğuran məsələ multikulturalizmlə bağlıdır: “Multikulturalizmə münasibət fərqlidir... Multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.”

Reallıq budur ki, Azərbaycan dinamik inkişaf edən dövlət kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Xarici siyasətin daxili siyasətin davamı, həmçinin bir dövlətin istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bir sözlə, beynəlxalq təqdimatı olduğunu nəzərə alsaq, Azərbaycanın bu gün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanması bütün sahələrdə qazandığı uğurlara əsaslanır. Ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də ölkəmizin bu kimi mühüm məqamları öz əksini tapıb. Bu uğurlarımız isə öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açır. Belə ki, hər bir tədbirdə, qəbul olunan sənəddə məsələnin əsl mahiyyətinə diqqət yönəldilərək, rəsmi Bakının ən yüksək tribunalardan bəyan etdiyi dəyişməz mövqeyi dəstəklənir. “Tərəfdaşlıq prioritetləri” sənədində də bildirilir ki, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar. Bu sənəd 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.

Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısına pay sahibi olaraq əsas investisiya tərəfdaşı olması da qurumla ölkəmiz arasında əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır. Bu mühüm faktı da qeyd etmək lazımdır ki, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, gənc müstəqil ölkə üçün çox vacibdir. Bu gün Asiya ilə Avropa arasında yerləşən, regionda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan Azərbaycanın Avropa dəyərlərini paylaşan bir ölkə olduğunu vurğulayan ölkə Prezidenti bu əminliyi də ifadə edir ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə tərəflərin qarşısında yeni imkanlar açacaq, yeni sazişlər imzalanacaq.

Bu təhlilləri aparmaqla dünyanın yeni xarici siyasətinin məhz niyə Azərbaycanda müzakirə olunduğuna aydınlıq gətirir, növbəti uğurlarımızın konturlarını cızmış oluruq. Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan ölkəmizin inkişaf strategiyası qarşıdakı illərə daha inamla baxmağa əsas verir. Hər zaman vurğulandığı kimi, Azərbaycan dünyada söz sahibi olduğunu atdığı addımları, həmçinin ona göstərilən etimadla təsdiqləyir. Bu etimadlar sırasında ölkəmizin 2019-2022-ci illərdə BMT-dən sonra dünyada ikinci mötəbər təşkilat olan, 120-si daimi, 17-si isə müşahidəçi olmaqla 137 dövləti və 10 beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatına sədrliyini də xüsusi qeyd etməliyik.

Qurumun bu ilin oktyabrında keçiriləcək XVIII Zirvə Görüşünün böyük rəmzi mənası olduğunu açıqlayan siyasi ekspertlər, politoloqlar bildirirlər ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Azərbaycanın bu missiyanı yüksək səviyyədə həyata keçirəcəyi şübhə doğurmur. Ölkəmiz bir daha Qoşulmama Hərəkatının prinsiplərinə sadiq olduğunu dünyaya nümayiş etdirəcək. Həmin Zirvə Görüşündə sədrlik Azərbaycana keçəcək. Bu uğur Azərbaycanın müstəqil siyasətinə, ədalətli mövqeyinə, beynəlxalq münasibətlər sistemində möhkəmlənən yeri və roluna verilən dəyərdir.

Azərbaycanın diplomatik uğurlarının miqyası genişdir. Təbii ki, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasətin uğurları davamlı, eyni zamanda, böyük dəstəyə malik olacaq. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də deyilənlərin bariz nümunəsidir. Bir mühüm məqamı da qeyd etməliyik ki, rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, Dağlıq Qarabağ probleminin həllində bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır.

Diplomatik uğurlarımız, möhkəm hüquqi bazanın mövcudluğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə inamı daha da artırır.

Yeganə Əliyeva, “İki sahil”