22 may 2020 19:17
357

Azərbaycanın pandemiyaya qarşı mübarizəsi nümunə göstərilir

Bütün dünya dövlətlərini bürüyən, ən güclülərin belə qarşısında aciz qaldığı koronavirus nisbətən kiçik məmləkətlərə təsiretmə vasitəsi kimi istifadə olunan ikili standartlara da qırmızı işıq yandırdı. Milliyyətindən, dinindən, qüdrətindən asılı olmayaraq hamı COVID-19-un qarşısında ağ bayraq qaldırdı. Əvvəllər iqtisadi gücü, hərbi qüdrəti ilə özünü lider hesab edən dövlətləri belə çökdürən koronavirus fərq qoymadan hər kəsə “dəst-xəttini” göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya adlandırdığı koronavirus, ona qarşı mübarizə tədbirləri, peyvəndlər haqqında fərqli mülahizələr səslənsə də, müxtəlif dərman preparatlarının tətbiqi ilə pandemiyanın aradan qaldırılmasına çalışanlar olsa da, virus əleyhinə vaksinanın tapılması barədə fikir söyləmək deyəsən tezdir. Hazırda başlıca məqsəd insanlar arasında yoluxma hallarının qarşısını almaq, ölümlərin sayını azaltmaqdır. İnsanlarda qorxu, təlaş yaradan virusa qarşı mübarizənin ilk mərhələsi kimi dövlətlərarası əlaqələr donduruldu, gediş-gəlişə məhdudiyyətlər qoyuldu, bütün ölkələrdə karantin rejimləri, komendant saatları tətbiq edildi. Parklar, küçələr tənhalaşdı. Müxtəlif dillərdə səslənsə də “məsafəni qoru”, “evdə qal” kimi xatırlatmalar bütün xalqların əməl etdiyi bəşəri çağırış kimi hamı tərəfindən qəbul edildi. Dövlətlər, insanlar arasında məsafələr uzaqlaşsa da, mənəvi məsafələr yaxınlaşdı, başqalarına dəstək bəşəri ideya kimi genişləndi.

Pandemiyadan daha çox əziyyət çəkən digər xalqlara kömək və yardımlarını əsirgəməyən Azərbaycanın humanitar dəstəyinin BMT, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə dövlət siyasətinin əsas amillərindən olan multikulturalizmə verilən dəyərdir. Pandemiya dövründə 15-ə yaxın dövlətə tibbi avadanlıq, dərman preparatları, qoruyucu vasitələrlə yardım edən, sabitlik dövründə belə Suriyaya, Fələstinə humanitar yardımlar göstərən, mədəni, beynəlxalq səviyyədə təhsil, mədəniyyət sahələrində layihələr həyata keçirən Azərbaycan bu çətin günlərdə humanitar yardımlarını davam etdirdi.

Pandemiyanın ilk günlərindən düşünülmüş addımlar atan, həyata keçirilən məqsədyönlü tədbirləri ilə əhali arasında yoluxma hallarının qarşısını alan, xəstələrin müalicəsi üçün lazımi şərait yaradan, ən müasir tibbi avadanlıqların gətirilməsi, testlərin aparılması ilə müayinə və müalicənin səmərəli təşkilinə nail olan Azərbaycan dövləti vətəndaşların həyatını, sağlamlığını qorumaq üçün bütün resursları səfərbər edir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz çalışır, vəziyyət barədə vətəndaşlara mütəmadi məlumat verilir. Dövlət, ictimai təşkilatlar, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə aztəminatlı, kimsəsiz ailələrə yardımlar göstərirlər.

Silahsız müharibə olan COVID-19-la mübarizədən az itki ilə çıxmaq üçün əhalinin sosial müdafiəsinin daha vacib olduğunu bildirən Prezident İlham Əliyevin bu istiqamətdə apardığı islahatlar vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Belə ki, elan olunmuş karantin dövründə dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənilir. Özəl sektorda çalışan 600 mindən artın vətəndaşa, pandemiyaya görə zərər çəkən sahibkara maddi dəstək göstərilir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmiş, bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmış, xüsusi karantin rejimi tətbiq edilmişdir.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar gətirilmişdir. Pandemiya dövründə istifadəyə verilən 575 çarpayılıq “Yeni klinika””da xəstələr ən müasir tibbi cihazlar vasitəsi ilə müalicə olunur. Ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən çox olan yeni xəstəxanalar istifadəyə verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Koronavirus xəstəliyinə tutulmuş xəstələrə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb.

Müxtəlif ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının çarter reysləri ilə Azərbaycana gətirilməsi, onların karantin rejimində saxlanılması təmin edilib. Dünyada tibbi ləvazimat və avadanlıqlarla təminatın problemə çevrildiyi məqamda daxili tələbatı ödəmək üçün ölkəmizdə operativ şəkildə tibbi maska, qorucu geyimlər istehsal edən müəssisələr fəaliyyətə başladı. Təsis edilən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox ianə toplanıldı.

Təbii ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına da zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayrılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir. Yəni, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilmişdir.

Görülən tədbirlər, ölkə vətəndaşlarının sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır.

Neqativ hallara yol verilməməsi üçün məmurlara ciddi xəbərdarlıq edən Prezident İlham Əliyev “Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə” sözləri ilə məmurlara ciddi tövsiyələrini də çatdırır

Azərbaycanın səylərinin nəticəsidir ki, pandemiya şəraitində ölkələr arasında beynəlxalq yükdaşımalar fasiləsiz olaraq həyata keçirilir. “Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynamışdır. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir” söyləyən Prezident İlham Əliyev bildirir ki, ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür.

 Sülhsevər siyasəti, xalqlar və dövlətlərarası əlaqələrin möhkəmlənməsi təşəbbüsləri ilə diqqəti çəkən Azərbaycanın pandemiya dövründə sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv dövlətlərinə birlik və həmrəylik çağırışı olan videoformatda keçirilən müzakirələr, koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ölkəmizin humanitar siyasətinin ifadəsidir.

“COVID-19” qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” söyləyən Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı “Biz birlikdə güclüyük!” sözləri beynəlxalq səviyyədə birlik və həmrəylik çağırışı kimi dəstəkləndi. Zirvə görüşünün qəbul etdiyi Bəyannamdə qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar məbləğində ayırdığı ianə ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Azərbaycanın sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvləri ilə videoformatda keçirilən görüşdə iştirak edən dövlət başçıları pandemiyaya qarşı mübarizədə çevik və zəruri, qabaqlayıcı addımlar atan ölkəmizin təcrübəsini yüksək dəyərləndirdilər.

Zirvə görüşündə qeyd olundu ki, türk dövlətləri bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir.

Xuraman İsmayılqızı, “İki sahil”