12 iyun 2019 20:59
345

Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır

Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan artıq 28-ci ilini yaşayan azad, müstəqil bir dövlətin ötən illər ərzində qazandığı bütün uğurlar, nailiyyətlər məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

15 İyun - Milli Qurtuluş Gününün mühüm tarix olduğunu qeyd edən siyasi ekspert  Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi ki, elə tarix də bunu sübuta yetirdi ki, əgər 15 iyunda ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan xarici güclərin və onların daxildəki qurumlarının dağıdıcı fəaliyyətləri nəticəsində paramparça ediləcəkdi: “Çox sevindirici hal oldu ki, xalqın yekdil istəyi ilə ümummilli lider Heydər Əliyev növbəti dəfə hakimiyyətə gəldi. Ölkəmizi həmin qüvvələrin qara niyyətlərindən xilas etdi. Dahi şəxsiyyətin hakimiyyətə gəlməsi nəticəsində ilk öncə dövlətin bütün resursları formalaşdırıldı və quruldu. Yəni, müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsası qoyuldu. Bundan başqa, ölkədə mövcud olan bütün seperatçı qruplar zərərsizləşdirildi. Azərbaycan dövlətinə qarşı silah qaldıran, onu parçalamağa çalışan qüvvələr neytrallaşdırıldı. Ölkənin xarici siyasət xətti müəyyənləşdirildi və inkişaf etdirildi. Ən vacibi isə ölkənin iqtisadi inkişafının əsasını qoyan enerji siyasəti müəyyənləşdi və bununla da ölkəmizə investisiyaların cəlb olunması istiqamətində ciddi addımlar atıldı. Ümumilikdə götürəndə paramparça edilmiş bir dövlət bu gün dünyanın ən inkişaf etmiş ölkəsinə çevrildi”.

“Bu gün ölkə vətəndaşlarının ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutması sözsüz ki, onun Azərbaycan xalqı, dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən qaynaqlanır. O mənzərəni yaşayan insanlar həmin dövrdə nələrin baş verdiyinin daha yaxşı fərqindədirlər. Onlardan biri olaraq mən də ölkəmizin bu müddət ərzində ağır sınaqlardan şərəflə keçdiyinin və bu inkişaf yolunda hansı maneələri dəf etdiyinin şahidi olmuşam. Bu gün Ulu Öndərin təməlini qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Düşünürəm ki, 15 iyun Azərbaycan dövlətçiliyinin qurulması müstəvisində hələ uzun illər, tarix boyu dəyərləndiriləcək və Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Politoloq Zaur Məmmədov isə bildirdi ki, sözsüz ki, hər bir dövlətin tarixində onun liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət əsas önəm daşıyan faktorlardan biridir: “Həm dövlətin yüksəlişi, həm də mövcud problemlərin aradan qaldırılması, eyni zamanda, hər bir dövlət qarşısında çağırışlara cavab vermək üçün liderin oynadığı rol və onun dünya siyasətində tutduğu mövqe çox vacibdir. Ötən illərə bir anlıq belə nəzər salsaq görərik ki, Azərbaycan tarixin bir çox dövrlərində çətin sınaqlarla qarşı-qarşıya qalıb. Hələ 1990-cı ilin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə ölkəmiz çox çətin bir vəziyyətə düşdü. Həmçinin Azərbaycanı parçalamaq istəyən digər qüvvələr də var idi. Belə bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycan üçün xilaskarlıq rolunu oynadı və bu gün də bunun nəticəsi gözlər önündədir”.

Politoloq qeyd etdi ki, ulu öndər Heydər Əliyevdən sonra artıq yeni Azərbaycanın təməli qoyuldu: “Bu gün Azərbaycanda müstəqillik və dövlətçilik ənənələri formalaşdırılıb və heç bir şübhə yoxdur ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun ictimai-siyasi xadim kimi apardığı siyasətin əsas amalı Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qorumaq iqtidarında olan qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır”.

Mənsumə Babayeva, “İki sahil”