01 fevral 2020 10:10
1179

Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür

Prezident  İlham Əliyev  ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, həyata keçirilən kadr islahatlarından bəhs edərək hazırda  Azərbaycanda gəncləşmə siyasətinin  aparıldığını, bunu zəruri edən səbəbləri diqqətə çatdırır: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik.”

Cənab İlham Əliyev hər çıxışında kadr hazırlığının prioritetliyini, gənclərin elmi biliklərini artırmalarının, təhsilin inkişafının vacibliyini  önə çəkərək, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki,  bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə irəli gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.

2 fevral tarixinin ölkəmizdə  Gənclər Günü kimi qeyd olunmasının özü  bu kateqoriyadan olanlara böyük diqqətin və qayğının göstəricisidir.  1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin iştirakı ilə  gənclərin 1-ci Forumu keçirilmişdi. 1997-ci ildən isə Ümummilli Liderin Sərəncamı ilə Forumun keçirildiyi tarix - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Gənclər Günü ərəfəsində tarixə qısa baxış əsasında  bu fikri böyük inamla qeyd edə bilərik ki,  gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə onların  biliklərə yiyələnmələri, dövlət idarəçiliyində irəli çəkilmələri istiqamətində atdığı  addımlar son 16 ildən artıq dövrdə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qəbul olunan sənədlərdə də öz təsdiqini tapır.   2007-ci ilin ölkəmizdə “Gənclər İli” kimi qeyd edilməsi, eyni zamanda,  “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) və “Azərbaycan Gəncliyi (2011-2015-ci illərdə) Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və sair kimi sənədlər   ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edib və hazırda etməkdədir.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri  yeni nəslə etimad göstərilməsi məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılması, bir sözlə, onların dövlət quruculuğunda və ümumiyyətlə, ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Ölkə əhalisinin 2,8 milyon nəfərini, yəni 28,1 faizini gənclər təşkil edir. Onların  hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıqlarının artırılmasının prioritetliyi dövlətimizn başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan daha aydın görünür. Cənab İlham Əliyev bildirir: “Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Çünki bilirsiniz ki, ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır... mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır”

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan  və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında  gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.   Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu  mühüm vəzifələr əsas tutularaq  Gənc alimlərin I qurultayı keçirildi.  İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlərin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. 

Dövlətimizin başçısı   İlham Əliyevin  16 noyabr 2018-ci il tarixli  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,  23 noyabr 2018-ci il tarixli  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  Sərəncamları da  uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir.  Onlar təhsillərini başa vurub,  Vətənə qayıtmaqla  əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da  inkişafına, tərəqqisinə öz töhfələrini verirlər.  

Ölkə Prezidenti İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”,  “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da kadr hazırlığını stimullaşdıran  addımlar sırasındadır.  Bu sənədlər ümumilikdə  110 min tələbəni əhatə etdi.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək bu istiqamətdə  mühüm addımlar atır. Ölkə Prezidenti bu uğurların ümumiləşdirilmiş ifadəsi olaraq  Azərbaycanın innovasiyalar ölkəsi olduğunu bildirir.  Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasına təşkil edir. Cənab İlham Əliyevin ötən  ilin ilk aylarından başlayaraq imzaladığı Fərman və sərəncamların bir qismi idarəetmə sistemində təkmilləşməyə, gənc kadrların bu prosesdə fəal iştirakına xidmət edir. 14 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman bu yeniləşmənin zəruriliyini bir daha təsdiqlədi. 

Təbii ki, atılan hər addım Azərbaycanın uğurlu gələcəyinə xidmət edir.  2016-cı ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə  keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Gənc kadrların dövlət idarəçiliyində təmsil olunmalarına qoyulan qadağaların aradan qaldırılması da deyilənlərin təsdiqidir. Yaş məhdudiyyətlərinin aradan götürülməsi  bu prosesi daha da sürətləndirdi.

Gənclərin parlamentdə, bələdiyyələrdə təmsilçilik faizləri də  son illər artıb. Həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində gənclərin fəal iştirakı təmin edilir. Gənc sahibkarlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Bir sözlə,  yenilikçi,  müasir dünyagörüşünə malik gənclər  qarşıya qoyulan hədəflərin gerçəkləşməsində fəal iştirak etmək, öz potensial imkanlarını ortaya qoymaq imkanlarına malikdirlər.  Cənab İlham Əliyev, eyni zamanda, bu çağırışı edir ki,  yaşlı nəsil öz  təcrübəsini bölüşməlidir: “Eyni zamanda, təbii ki,  gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır.”

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi də gənclərə diqqət və qayğının tərkib hissəsidir.  “Sənəddə də qeyd olunduğu kimi,  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə  belə bir mühüm addım atılıb.  Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.  Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gənclərə bu çağırışı etmişdir: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm.”

Yeganə Əliyeva, “İki sahil”