11 avqust 2020 20:29
731

Azərbaycanın enerji tarixində mühüm mərhələ

Vüqar Bayramov: «Qarabağ» dayaq blokunun dənizə yola salınması reallaşmaqda olan mühüm layihədir

 

İkisahil.TV-nin bugünkü qonağı Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramovdur

-Vüqar müəllim, Heydər Əliyev adına dərin özüllər zavodundan “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması ölkəmiz üçün hansı perspektivləri vəd edir?

 -Bu, çox əlamətdar hadisədir. Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SOCAR-ın «BOS Şelf» şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan «Qarabağ» dayaq blokunun dənizə yola salınmasına start verildi. Dayaq bloku «Qarabağ» yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Məlumat üçün bildirim ki, «Qarabağ”» layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. «STB-1»” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri isə yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Ekspertlər bu mühüm hadisənin - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılması ehtimal edilən yatağın istismara başlamasının Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da artıracağını proqnozlaşdırırlar.

«Qarabağ”» yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur. Bu hadisə ondan xəbər verir ki, Azərbaycan enerji ölkəsi olaraq öz mövqeyini möhkəmləndirir. Eyni zamanda, bu, ölkəmizin enerji sektoruna xarici şirkətlərin marağının yüksək olduğunu bir daha göstərir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu da sözügedən qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmasıdır. Bu isə təbii ki, Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sahəsində də investisiya həyata keçirən ölkələrdən birinə çevrilməsi anlamına gəlir. Qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanması həm də o anlama gəlir ki, enerji resurslarımızdan istifadədə xarici şirkətlərlə əməkdaşlıq etməklə yanaşı, həmçinin öz imkanlarımızdan da yararlanacağıq”.

Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan mühüm layihədir. Cənub Qaz Dəhlizinin sonuncu elementi olan TAP kəməri artıq reallaşmaq və inşası başa çatmaq üzrədir. Ümumiyyətlə, Cənubi Qaz Dəhlizi Azərbaycanın mavi qazının Türkiyə və Avropa bazarına çıxarılmasını təmin edir. Artıq Türkiyə bazarına mavi qazın nəqli həyata keçirilib. Avropa bazarına isə, yəni Cənubi, Mərkəzi və Şərqi Avropaya Azərbaycan mavi qazının nəqli 2020-ci ilin sonu, yaxud da 2021-ci ildə həyata keçiriləcək. Əslində bu da imkan verəcək ki, Azərbaycan əlavə olaraq Türkiyə bazarına 7 milyard kubmetr, eyni zamanda, birinci mərhələdə Avropa bazarına 10 milyard, ikinci mərhələdə illik 20 milyard kubmetr mavi qaz nəql etsin. Bu isə Azərbaycanın sözügedən layihədən mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə etməsinə imkan yaradır”. Hazırda aktiv şəkildə enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlət gəlirlərimizin artması və eləcə də enerji gəlirlərimizin diversifikasiyası imkanlarını genişləndirir.

- Konstitusiya məhkəməsi blok olunmuş əmanətlərlə bağlı qərarını elan edib. Ümumiyyətlə, qərar kimin xeyrinə verildi?

- Konstitutsiya Məhkəməsi blok olunmuş əmanətlər ilə bağlı qərarını elan etdi. Qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Aydınlıq üçün qeyd edək ki, «təshih tədbiri”» bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarını nəzərdə tutur. Yəni, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, «NBC Bank», «AG Bank» və «ATA» Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilmişdir. Bu, o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir. Qərarda, eyni zamanda, qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan «Ata bank» ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi. Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir.

- Azərbaycan Respublikası Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Bu haqda fikirlərinizi bilmək istərdik…

- Azərbaycan hökuməti koronavirus pandemiyasının yaratdığı böhranın təsirlərinə məruz qalmış sahibkarların dəstəklənməsi üçün əlavə addımlar atmağa başlayır. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, ölkə Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

Büdcədə pandemiyadan zərər çəkən dövlət şirkətlərinin, həmçinin iqtisadi sferada fəaliyyət göstərən özəl sahibkarların dəstəklənməsi üçün iki maddədə vəsait ayrılır. Bunlardan birində 136,6 milyon manat, ikincisində isə 100 milyon manat vəsait nəzərdə tutulur. Bu isə pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün əlavə imkanlar yaradır. Pandemiyadan zərərçəkən sahibkarların dəstəklənməsi çox vacibdir, çünki bir sıra sahələrdə pandemiya tamamilə tənəzzülə gətirib çıxarıb. Bu şəraitdə dəstək olmasa sahibkarlıq subyektləri fəaliyyətlərini dayandırmağa məcbur ola bilərlər. Dövlət artıq ikinci mərhələ üzrə dəstəyə başlayır, həm əmək haqqı fonduna, həm də fərdi sahibkarlara yönəlik tədbirlər həyata keçiriləcək. Bundan əlavə, Nazirlər Kabineti dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərdə sahibkarları ilin sonunadək icarə haqqından azad etdi. Eyni zamanda, vergi və sosial ödənişlərlə bağlı güzəştlər də tətbiq olunur”. Pandemiya hələ davam edir və onun nə zaman bitəcəyi qeyri-müəyyəndir. Buna görə də dövlət sahibkarlara zəruri hallarda yenidən dəstək vermək ehtimalını nəzərə alır. Ola bilər ki, yeni dəstək mexanizmləri də tətbiq olunsun. Burada məqsəd yalnız pandemiya dövründə deyil, postpandemiya dövründə də sahibkarların dəstəklənməsidir”. Dövlət vergi və sosial ödənişlərə güzəşt verməklə özəl əmlak sahiblərini buna stimullaşdırmağa çalışır. Bu sahibkarlar üçün torpaq və əmlak vergisi sıfırlanıb, icarə vergisi iki dəfə, sosial ödəniş 4 dəfə azaldılıb. Bu baxımdan, özəl mülkiyyət sahibləri dövlətin bu addımı qarşılığında öz icarədarları üçün icarə haqlarında güzəştlər etməlidilər.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva, «İki sahil»