29 yanvar 2020 10:30
1428

Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir uğur səhifəsi yazılacaq

Bəzi siyasi partiyaların və namizədlərin seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddiaları faktlara əsaslanmır və mümkün məğlubiyyətdən sığortalanmaq məqsədi güdür

9 fevral növbədənkənar parlament seçkiləri ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb demokratik islahatlar sahəsində əldə olunan uğurların aydın mənzərəsini yaratmağa geniş imkanlar yaradır. Bu yeniliklər sözsüz ki, ildən-ilə seçki praktikasının təkmilləşməsində də özünü qabarıq şəkildə büruzə verir.

2003-cü ilin mayında beynəlxalq təşkilatların birgə rəyi əsasında qəbul olunan Seçki Məcəlləsi seçki kampaniyalarının beynəlxalq standartlara uyğun keçirilməsinə tam şərait yaratsa da, Azərbaycan dövləti daim təkmilləşməyə, yeniləşməyə maraq göstərmiş və bu, sənədə əlavə və dəyişikliklərin edilməsi ilə özünü təsdiqləmişdir. Sözsüz ki, cəmiyyətdə nüfuzu, sosial dayağı olan partiya yaradılan demokratik şəraitdən istifadə edərək irəli sürdüyü namizədin qələbəsini təmin edə bilər. Sağlam rəqabət şəraitində namizədlər mübarizə apara və seçicilərin etimadını qazana bilərlər.

Seçki bir sınaq imtahanıdır. Hər bir partiya hansı nüfuza, sosial dayağa malik olduğunu bir daha nümayiş etdirir. 9 fevral növbədənkənar   parlament seçkilərinə qatılan bəzi siyasi partiyalar (Müsavat, ReAL) və şəxslər təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və sair daxildir.

Seçkilərə hazırlığın hər bir mərhələsi demokratiyanın və seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir. Hər bir mərhələdə bütün namizədlərə bərabər imkanlar yaradılır. Reallıq budur ki, Azərbaycanın keçdiyi yol, əldə etdiyi təcrübə digər ölkələrə nümunə göstərilir. Azərbaycan sabit, demokratik ölkə kimi uğurlu islahatları, yeniliklərin tətbiqi ilə dünyanın diqqətindədir. Bu günün əsas tələblərindən biri məhz reallıqlara düzgün dəyər vermək, obyektiv təhlillər fonunda irəli sürülən namizədlər arasında düzgün seçim etməkdir.

Bu fakt da inkaredilməzdir ki, ölkədə keçirilən hər bir seçki əvvəlkindən daha demokratikliyi, şəffaflığı ilə seçilib. Bu da ondan irəli gəlir ki, seçki praktikasının təkmilləşdirilməsi, seçki prosesində yeni təcrübələrin tətbiqi dövlətimizin həyata keçirdiyi siyasətin önündə dayanır. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilərin müraciətlərinə müsbət cavabların verilməsi, “exit poll”un keçirilməsi və sair kimi yeni təcrübələr ölkəmizdə keçirilən hər bir seçki prosesinin tərkib hissələridir. Seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir.

Uğurlarla yanaşı, problemlərin də olması inkar edilmir. Dünyanın ən inkişaf etmiş, özlərini “demokratiyanın beşiyi” hesab edən ölkələr belə seçkilərdə hansısa qanun pozuntusundan sığortalanmayıb. Amma bunların daha böyük qanun pozuntusu kimi ictimaiyyətə təqdim edilməsi halları ilə rastlaşmamışıq. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarının mahiyyətində də bu məsələ dayanır ki, ədalət meyarı əsas götürülməlidir. Bu meyar bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı, vahid icra mexanizmi müəyyənləşdirilməlidir.

Təbii ki, hər bir seçki prosesində müəyyən qanun pozuntuları baş verir və onlar zamanında araşdırılır və ölçü götürülür. Əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Hazırda Azərbaycanda keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflığına, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək tendensiya müşahidə olunmur. Namizədlərin irəli sürülməsi və imzatoplama mərhələsinin uğurla başa çatmasından sonra təbliğat-təşviqat kampaniyasına start verildi. Seçkilərə qatılan, namizədliyi siyasi partiyalar, təşəbbüs qrupları, yaxud fərdi qaydada irəli sürülən hər bir şəxsə öz təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirmək üçün lazımi şərait yaradılıb. Ümumilikdə, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib. Qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir. Onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Bu faktın özü parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını əyani şəkildə təsdiq edir. Azərbaycanda mövcud demokratik şərait, seçki qanunvericiliyinin prosesin demokratikliyinə, şəffaflığına, beynəlxalq standartlara uyğun keçirilməsinə geniş imkanlar yaratmasının nəticəsidir ki, 19 siyasi partiya namizədləri ilə  seçki prosesinə qatılıb, nəticələrin müsbət sonluqla başa çatacağına əminliklərini ifadə edirlər. Kiçik bir qanun pozuntusu, yaxud hansısa bir namizədin prosedur qaydalarına riayət etməməsi ümumilikdə seçki kampaniyasının demokratikliyinə, şəffaflığına şübhə yaratmaq imkanında deyil.

Əsas məqamlardan biri də KİV-lərin seçkilərə hazırlıq prosesinin, eyni zamanda, səsvermənin işıqlandırılmasında rolu önə çəkilərək bu mövzuda tədbirlərin keçirilməsi, treninqlərin təşkili, bu və ya digər mətbu orqanlarda təbliğat-təşviqat kampaniyasının gedişinin ətraflı şərh olunması, işıqlandırılması da onu deməyə əsas verir ki, namizədlər fəal təşviqat kampaniyası aparırlar. 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini açıq müşahidə etmək olar.

Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdir və bu imkanlardan lazımi səviyyədə yararlanırlar. Namizədlər hər bir yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər. Bəzi hallarda plakatların cırılması yolverilməz haldır. Lakin yüksək rəqabətlilik şəraitində keçən seçkilərdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni üsullardan istifadə etməsi faktları da mümkündür ki, bununla bağlı seçki orqanlarına müraciət etmək zəruridir.

Əvvəldə də qeyd etdiyimiz kimi, seçki sınaq imtahanıdır. Hər bir siyasi qüvvənin, həmçinin fərdi şəkildə qatılan şəxsin hansı nüfuza, sosial dayağa malik olduğunu bir daha açıqlayır. Təbii ki, rəqabət mühitində keçən bir prosesdə hansısa qeyri-qanuni hərəkətlərə, kiçik qanun pozuntularına yol veriləcək. Hər kəs daha çox özünün təqdimatına səs göstərəcək. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, hər hansı qanun pozuntusuna haqq qazandırmağa çalışmırıq. Reallıq budur ki, Azərbaycan demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutaraq, bütün demokratik təsisatların inkişafına xüsusi maraq göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi, 2003-cü ildə Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsi qəbul olunub. Bu sənəd ölkəmizdə prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirir. Bu günə qədər keçirilən seçkilərdə də bu təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Bircə faktı qeyd etmək kifayətdir ki, 9 fevral növbədənkənar parlament seçkilərinə qatılan siyasi partiyalara diqqət yetirsək, heç də onların hamısı əvvəlki seçkilərə qatılmayıb. Bunun özü artıq bu günə qədər Azərbaycanın demokratik inkişafına qara eynəkdən baxmağa çalışan partiyaların həqiqətə həqiqət gözü ilə baxmaq etirafıdır. Seçkilərə qatılıb, xırda bir hadisədən böyük olay yaratmaq, hər bir mərhələyə qeyri-demokratik don geyindirməyin özü demokratiklikdən uzaq addımdır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hər hansı neqativ halla bağlı MSK-ya müraciət daxil olsa, buna baxılacaqdır. Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və buna heç cür imkan verilməyəcək.

Bir əsas məqamı da nəzərə alaq ki, 9 fevral növbədənkənar parlament seçkiləri daha çevik, müasir, yenilənmiş, dövrün tələblərinə cavab verən parlamentin formalaşmasına hədəflənib. Belə olan təqdirdə yüksək potensiala, dünyagörüşünə malik, yenilikçi namizədlərə böyük ehtiyacın olduğu özünü qabarıq şəkildə büruzə verir. Seçkilərə hazırlıq prosesinin bütün mərhələlərinin lazımi səviyyədə təşkili səsvermənin nəticələri barədə aydın təsəvvür yaradır. Azərbaycan dövləti Milli Məclisə seçkilərə qatılmış namizədlərin potensialını yüksək qiymətləndirir, onları ehtiyat kadr bankı hesab edir və qarşıdan gələn dövrdə də ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu insanların imkanlarından yararlanmaq niyyətindədir. Özünü dünyaya innovasiyalar ölkəsi kimi təqdim edən Azərbaycanda “kadr hazırlığı iqtisadi inkişafla uyğunlaşdırılmalıdır” çağırışı edilirsə, özünə, potensial imkanlarına malik olan hər bir ölkə vətəndaşı bu inkişafa, tərəqqiyə dəstək göstərməlidir. Hazırda Azərbaycanda gəncləşmə siyasətinin aparıldığını, bunu zəruri edən səbəbləri diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik... Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik.”

Ölkəmizin uğurları, həyata keçirilən təkmil kadr və struktur islahatları, ən əsası bu yeniləşmənin hakimiyyətin qanunvericilik qanadında da öz əksini tapması istəyi, demokratiyanın bütün tələblərinin yüksək səviyyədə yerinə yetirilməsinə göstərilən səylər bir daha təsdiqləyir ki, bəzi siyasi partiyaların və namizədlərin seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddiaları faktlara əsaslanmır və mümkün məğlubiyyətdən sığortalanmaq məqsədi güdür. Belə faktlar müəyyən olunarsa, qanunvericiliyə uyğun şəkildə seçki orqanına müraciət etmək problemin aradan qaldırılması üçün ən optimal variantdır. Ümumilikdə, seçkiqabağı vəziyyət cəmiyyət, o cümlədən siyasi partiyalar, namizədlər, ekspertlər və politoloqlar tərəfindən müsbət qiymətləndirilir, seçkilərin yüksək fəallıq, rəqabət şəraitində, bərabər imkanlar, azad və sərbəst mühit təmin olunmaqla keçirildiyi xüsusi vurğulanır. Bəzi qüvvələrin məğlubiyyətlərini indidən sığortalamaq kampaniyasına start vermələri ictimaiyyətdə birmənalı qarşılanmır, onlara qarşı mənfi rəyi daha da artırır. Bu baxımdan ki, son söz seçicilərə məxsusdur. Səsvermə prosesinə qatılmadan demokratik inkişafdan gileylənmək, bütün rəngləri qara görmək ikrah doğurur. Ölkə ictimaiyyəti illərdir bu ünsürlərin belə gedişlərlə ictimai fikri çaşdırmağa can atdıqlarının, hər dəfə də bu cəhdlərinin əbəs olduğunun şahididir. 9 fevral növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir uğur səhifəsini yazacağı şəksizdir.

Yeganə Əliyeva,

“İki sahil”