29 yanvar 2020 10:28
1171

Azərbaycanın çoxvektorlu xarici siyasəti regional sabitliyin təminatında başlıca amildir

Prezident İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına verdiyi müsahibədə xarici siyasətimiz beynəlxalq aləmdə mövcud olan hadisələr fonunda diqqətə çatdırılır

“Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir” söyləyən Prezident İlham Əliyevin sözlərinin təsdiqi ölkəmizin  beynəlxalq aləmdə güclənən mövqeyidir. Ölkəmizin qonşu dövlətlərlə   münasibətləri çoxformatlı, qarşılıqlı  hörmət prinsipləri əsasında davam edir və hazırda  ən yüksək səviyyədədir.  Azərbaycanın təşəbbüslərinin reallaşması naminə  yaradılan əməkdaşlıq formatları işlək olmaqla, dünya siyasətinə təsir imkanları da artır. Neft-qaz kəmərlərinin çəkilişində iştirak edən  dövlətlərin milli maraqları əsasında yaradılan  tərəfdaşlıq formatları sabitliyə, təhlükəsizliyə   müsbət təsirini göstərir.

Respublikamızın çoxvektorlu xarici siyasəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi proseslərində  baş verənlər, ölkəmizə səmimi münasibətlər təsdiqləyir ki,  Azərbaycanın xarici siyasəti maksimum səviyyədə  dəstəklənir. “Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq” söyləyən dövlət başçımız  onu da əminliklə vurğulayır ki,  biz bunu edə bilmişik.  Azərbaycanın  planlaşdırılmış  xarici siyasətinin strateji xarakteri elə formalaşıb ki,  münasibətlər tərəfdaşlarımız üçün də əhəmiyyətli olsun və istənilən nəticə hörmət və etimada əsaslansın.  Bütün istiqamətlərdə Azərbaycanın milli maraqlarının ifadə olunduğu,  birtərəfli güzəştlər hesabına deyil,  konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq prinsipləri əsasında  formalaşan  xarici siyasətimiz müsəlman dünyasında güclü mövqeyə malik olmaqla ,  Avropa strukturlarında da dəstəklənir və dövlətçilik  mənafeyimizi  qoruyur.

Dövlət başçımızın vurğuladığı kimi, bizim xarici siyasətimizdə  yaxşılaşdırılmalı və ya düzəliş edilməli istiqamətlər qalmayıb. Əsas vəzifə bu müsbət inkişafı qoruyub saxlamaq, regional sabitliyin möhkəmləndirilməsində fəal olmaqdır.

Beynəlxalq təşkilatlarda  təmsilçiliyə böyük önəm verən ölkəmizin diplomatik  gedişlərinin dünya birliyi tərəfindən dəstəklənməsinin nəticəsidir ki, Azərbaycan   Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına eyni zamanda sədrlik edir. “Amma əlbəttə ki, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq. Əlbəttə, çalışacağıq ki, Azərbaycanın tərəfdaşları olan ölkələr bizə necə dəstək göstərirlərsə, onlar da bizim tərəfimizdən eyni dəstəyi alsınlar” söyləyən cənab İlham Əliyev bildirir ki,  müstəqilliyin xalqımıza bəxş etdiyi ən böyük nailiyyətlərdən biri də  öz sözümüzün sahibi olduğumuzu əməli fəaliyyətimizlə doğrultmağımızdır: “Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz.”

Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında möhkəmlənir və ölkəmizin uğurlu inkişafı üçün çox gözəl  mühit yaradır.  Bu mühiti formalaşdıran isə  təşəbbüsləri ilə xalqları yaxınlaşdıran, dövlətlərarası münasibətləri yaxşılaşdıran Azərbaycandır.

Qonşularla münasibətlərin qurulmasını  hər bir ölkə üçün prioritet hesab edən  cənab İlham Əliyevin respublikamızda, ölkəmizdən kənarlarda iştirak etdiyi bütün tədbirlərdəki çıxışlarında qarşılıqlı anlaşma, səmimi münasibətlərə sadiqlik amili öndə dayanır.   Elə buna görədir ki, Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur.

Azərbaycanın xarici siyasətinin uğurlarına, ölkəmizə artan marağa bariz nümunələrindən biri də  Davos Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyevə göstərilən ehtiram və  hörmətdir. Forumda çoxsaylı görüşlər keçirməklə,  Rusiyanın  televiziya kanalına  verdiyi müsahibəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini yenidən  qüdrətli dövlət olan Azərbaycana yönəldən Prezident İlham Əliyevin  “Rossiya-1” və “Rossiya-24” kanalları ilə yayımlanan qısa, lakin məntiqli açıqlamalarında  ölkəmizin xarici siyasətinin əsas istiqamətləri diqqətə çatdırılır. Müsahibənin əsasında yenə də neft amili dayanır.

Xatırladaq ki, bu günlərdə başa çatan  Davos Dünya  İqtisadi Forumunda  Prezident İlham Əliyev Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo   ilə  də  görüşmüşdü. Həmin görüşdə Məhəmməd Barkındonun  dövlət başçımız haqqında söylədiyi “Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz... Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik” sözləri dünyanın enerji xəritəsini dəyişən Azərbaycana, dövlət başçımız cənab İlham Əliyevə hörmət və ehtiramdan qaynaqlanır.

Rusiyanın telekanalına verdiyi müsahibəsində Azərbaycanın  artıq OPEC üzvü kimi özünü göstərdiyini diqqətə çatdıran cənab İlham Əliyev bir daha vurğulamışdır ki,  “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır.  “Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.”

Müsahibəsində  dünya hadisələrinə xarici siyasətimizin aspektləri baxımından yanaşan dövlət başçımızın qətiyyətli cavablarında Azərbaycanın multikultural dəyərləri, tolerantlıq təcrübəsi, ikili standartların yaratdığı gərginliyin törətdiyi fəsadların insanlara yaşatdığı çətinliklər əksini tapır. Müasir dünyanın inkişaf təcrübəsi göstərir ki, birqütblülük, bir güc mərkəzinin üstünlüyünün artması xalqlar və dövlətlər arasında etimadın azalmasına gətirib çıxarır.

Jurnalistin “Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı” sualını cavablandıran, ikili standartlardan əziyyət çəkən ölkənin başçısı kimi münasibətini geniş mənada açıqlayan  Prezident İlham Əliyev qlobal aləmdə baş verən hadisələri bu cür dəyərləndirir: “Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.”

Qüvvələr nisbətinin dəyişdiyi  bütün dövrlərdə güclünün zəif üzərində  hökmranlığının adları başqa olsa da , hazırda  kimlərinsə maraqları üzərində qurulan, nisbətən “kiçiklərə” tabeçilik vərdişləri aşılayan “mənəmliyin” adı ikili standartlardır. Azərbaycan isə illərdən bəridir ki, ikili standartlardan əziyyət çəkir. Bu baxımdan Prezident İlham Əliyevin açıqlamaları xarici siyasətimizin parametrlərini göstərməklə reallığı, lider qətiyyətini  ifadə edir: “Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.”

Xuraman İsmayılqızı,

“İki sahil”