04 aprel 2020 21:35
891

Azərbaycanın bütün dövlət mexanizmi insanların sağlamlığı naminə çalışır

Dünyanı cənginə almış koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün ölkəmizdə məhdudlaşdırıcı qaydalar qüvvəyə minib. Belə ki, Prezident İlham Əliyevin göstərişləri əsasında sərhədlərimiz bağlanıb, karantin rejimini tətbiq edilib, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri fəaliyyətlərini dayandırıb,  aviareyslərimizin sayı kəskin azaldılıb. Artıq ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır.

 Bu günlərdə isə bütün müasir standartlara cavab verən  xəstəxana - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilib. Şübhəsiz, bu xəstəxananın fəaliyyət başlaması koronavirusa qarşı mübarizədə ölkəmizə  əlavə imkanlar yaradıb. Yeri gəlmişkən qeyd edək ki, bu gün ölkəmizdə elə şəhər, rayon yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın.  Zamanında bu sahəyə fikir verilməsəydi, bu gün bizim vəziyyətimiz acınacaqlı ola bilərdi. Bu məqamda “Hər şey vətəndaş və onun sağlamlığı üçündür” prinsipi əsas götürən ölkə başçısının bu sözlərini xatırlamaq yerinə düşərdi: “Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?!”

Üstəlik, koronavirusla mübarizədəəlavə tibbi laboratoriyalar alınaraq ölkəmizə gətirilib. Məsələn, 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) xüsusi laboratoriya otaqları hazırlanıb və avadanlıqlar quraşdırılıb.  Bu laboratoriyalar koronavirusun aşkarlanmasına, ilkin müayinəsinə geniş imkanlar yaradır. Yeri gəlmişkən qeyd edək ki, bir necə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı demişdir ki, ölkəmizdə həm kadrların sürətli hazırlığı, həm də cihaz və avadanlıqlarla təchizat həyata keçirilib: “İlk günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Cəlilabad rayonunda laboratoriyaları, eyni zamanda Bakı şəhərində iki laboratoriyanı yerləşdirdik. Bundan daha əvvəl isə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində bu laboratoriyalar qurulmuşdur. Biz bu günlərdə Naxçıvan Muxtar Respublikasında da laboratoriyalar qurduq. Bunlar tam avtomatlaşdırılmış laboratoriyalardır. Hazırda ölkəmizə yeni laboratoriyalar da gəlib, Gəncə şəhərində qərb bölgəsi üçün qurulacaq. Biz artıq 20 mindən artıq insanı müayinədən keçirmişik və məqsədimiz gündən-günə bunun sayını artırmaqdır".

Üstəlik, koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar da gətirilib. Xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

Ölkəmiz koronavirusun yayılmasının qarşının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyini artırmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensive iş aparır və verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərir..

Bir sözlə, dövlətimizin bütün mümkün maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən yaxşı elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilası naminə çalışır.

Bəli, müstəqilliyin bərpasından bu yana Azərbaycan ilk dəfədir belə pandemiya situasiyası yaşayır və inşallah, görülən və görüləcək tədbirlər nəticəsinda bu sınaqdan üzü ağ çıxacağıq. Bununla da Azərbaycan kifayət qədər güclü, bacarıqlı bir dövlət olduğunu bir daha sübut edəcək.

Qvami Məhəbbətoğlu,

“İki sahil”