20 may 2019 10:44
428

Azərbaycanın Aİ ilə əməkdaşlığını hansı perspektivlər gözləyir?

Tərəfdaşlığa dair sənəd üzrə əsas müzakirə mövzuları məlum olub

Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığında işgüzar səfərdə olub. Səfərin Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrin səviyyəsinə aydınlıq gətirməsini, eyni zamanda, gələcək münasibətlərin inkişaf istiqamətlərini müəyyən etməsini nəzərə aldıqda onun yekunlarının təhlili olduqca aktualdır. Bu baxımdan səfərin əhəmiyyətinə  geniş aydınlıq gətirməyə çalışacağıq.

Əvvəlcə ondan başlayaq ki,  Prezident İlham Əliyev Aİ ilə əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edib. Azərbaycanla Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Azərbaycanın bir çox Aİ ölkələri ilə tərəfdaşlıq əlaqələri var. Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır və İttifaq Azərbaycanın əsas ticarət tərəfdaşıdır, eyni zamanda, təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Bir sözlə, bu, həm də müstəqillik tarixi  qədər də böyük olmayan Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilməsinin göstəricisi hesab edilə bilər.

Bu məqam səfər çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bir daha əksini tapıb. D.Tusk Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirib və ölkəmizin regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Söhbət ondan gedir ki, Azərbaycan yerləşdiyi regionda əhəmiyyətini artırmaqla, təhlükəsizliyə zəmanət verə biləcək layihələrin təşəbbüskarı və icraçısına çevrilməklə istər bölgədə, istərsə də dünyada ona olan etibarın yüksəlməsinə səbəb olub. Bu mənada ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Bu isə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə daim sadiq qalmasının bariz nümunəsi olmaqla həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrdə mühüm amildir.

Bu barədə danışdıqda onu da qeyd etmək lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm missiyanın icrasına hazırlaşır ki, bu da onun  Aİ üçün əhəmiyyətini daha da artırır. Xüsusilə də Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazını gözləyən 3 ölkənin bu sahədə Rusiyadan böyük asılılığa malik olması deyilən fikirləri daha qabarıq formada nümayiş etdirir. Bu məqam gələcəkdə də Azərbaycan-Aİ əməkdaşlığının aparıcı istiqaməti olmaqla onun inkişafını zəruri edən amilə çevriləcək. Məsələ bundadır ki, zaman keçdikcə enerji təhlükəsizliyi dünyada milli təhlükəsizliyin təmin edilməsində əsas rolu tutmaqdadır və enerjiyə durmadan artan tələbat gələcəkdə bu rolu daha da yüksəldəcəyi şübhəsizdir. 

Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin  D.Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyindəki nitqi olub. Azərbaycan Prezidenti nitqində Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd edib ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu isə Azərbaycan üçün Aİ tərəfindən onun ərazi bütövlüyünə və suverenliyinə olan münasibətin qənaətbəxş olduğunu bir daha nümayiş etdirir. Daha dəqiq desək, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu, qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir. Belə ki, hələ ötən il Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil qərargahına səfəri zamanı paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib. Bütün bunların fonunda isə onu demək mümkündür ki, Aİ-nin  Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş toplantısının yekun bəyanatının qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddiaların əsası yoxdur.

Sözügedən məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun bəyanatın verilməsi nəzərdə tutulmuşdu. Sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından  ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınıb. Bu sənəddə də Aİ-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel sammitinin yekunları ilə bağlı sənədin müvafiq müddəaları da nəzərə alınıb. Bununla da birmənalı şəkildə bildirmək olar ki, Aİ Şərq Tərəfdaşlığı Proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Bu barədə bəhs etdikdə bir məsələyə də toxunmaq lazımdır ki, hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır və  bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir. Söhbət ondan gedir ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də  öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Bu baxımdan da bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqamın qəbul olunması nəzərdə tutulan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsinə xidmət etməklə mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində görüşlərdə hər iki tərəfin fikirləri onu deməyə əsas verir ki, Azərbaycan-Aİ münasibətləri gələcəkdə də inkişaf edəcək. Bu istiqamətdə fəaliyyətin genişləndirilməsində həm Azərbaycan, həm də Aİ olduqca maraqlıdır. Buraya bir tərəfdən ölkəmizin Avropanın enerji təhlükəsizliyində iştirakı, digər tərəfdən Cənubi Qafqazda ən azından mövqelərin qorunub saxlanılması, Azərbaycanın timsalında  etibarlı, məsuliyyətli tərəfdaşı aid etmək olar. Digər tərəfdən, Azərbaycan Avropaya inteqrasiyada daim maraqlı olub və bu siyasət gələcək üçün də prioritetdir. Həmçinin Avropa digər ölkələr kimi, Azərbaycan üçün də ən böyük bazardır və ölkəmiz buraya neft və təbii qazdan başqa digər məhsullarının da çıxarılmasında maraqlıdır.

Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir. Məsələ bundadır ki, xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Bu baxımdan Azərbaycan üçün dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması  xarici siyasətin əsas istiqamətləri olaraq qalmaqdadır.

Ceyhun Piriyev, “İki sahil”