13 mart 2020 20:53
1436

Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik

Sivilizasiyaların və mədəniyyətlərin dialoquna sərmayə yatıran Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığa və regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, bu fonda genişlənən beynəlxalq əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsinə istiqamətlənib

Altıncı çağırış Milli Məclisin ilk iclasında dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən  iki və çoxtərəfli çərçivədə əlaqələrin yüksələn xətlə inkişafını önə çəkərək, bu münasibətlərin istər hər bir ölkənin malik olduğu imkanların təqdimatında, istərsə də yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əhəmiyyətli rol oynadığını xüsusi qeyd etmişdir.

Bu mühüm məqam da vurğulanmışdır ki, parlamentin bu istiqamətdə rolu da inkaredilməzdir. “Dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı bizim parlamentin də rolu çox təsirli ola bilər” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, müxtəlif ölkələrdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə deputatlar fəal iştirak etməlidirlər.

Azərbaycan yerləşdiyi coğrafi məkana görə müxtəlif dinlərin, mədəniyyətlərin bir araya gəlməsində körpü rolunu oynayır. Ölkəmizin ev sahibliyi etdiyi humanitar forumlarda, dini sammitlərdə tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanması önə çəkilərək, təcrübəsinin öyrənilməsinin vacibliyi bildirilir. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında bildirmişdir ki, biz öz dinimizə hörmət edirik. Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq: “Keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə Görüşündə səslənən fikirlər onu göstərir ki, bu gün dünya miqyasında bəlkə də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur.” Cənab İlham Əliyev, eyni zamanda, bu çağırışı da etmişdir ki, biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir.

Dövlətimizin başçısının “Ancaq sözün düzü, xatırlamıram ki, bu məsələ ilə bağlı əvvəlki dövrdə parlamentdə ciddi söhbət aparılsın. Biz aparmalıyıq. Heç bir bağlı mövzu olmamalıdır. Çünki bizim gələcəyimiz bundan asılıdır” çağırışı deputatlarımızın qarşısında böyük məsuliyyət qoyur. Bildirilir ki, Azərbaycan dövləti, xalqı  20 il, 30 il, 50 il sonra hansı mərhələdə olacağını bilir. Amma bunu təmin etmək lazımdır. Siyasətimizin üstünlüyü göstərilməli, müqayisə edilməlidir. İstənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var. İstər təhlükəsizlik, əmin-amanlıq, inkişaf, istərsə də sosial rifah, azadlıqlar sahəsində Azərbaycanın uğurları, onlara yol açan təkmil islahatlar hər kəsə aydınlır. Buna görə də  parlament bu məsələlərlə ciddi məşğul olmalıdır.

İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan cənab İlham Əliyevin böyük inamla söylədiyi kimi, sürətlə müasirləşir, yeniləşir, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da prioritet olacaq. Hazırda  Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz beynəlxalq humanitar forumlara, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi etməklə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olduğunu həmin tədbirlər çərçivəsində bir daha dünyaya çatdırmaqla bu mühüm məqamı da bəyan edir ki, müxtəlif millətlərin, xalqların sülh, əmin-amanlıq şəraitində yaşadığı Azərbaycan tolerant, multikultural ölkədir.

Azərbaycanın sülhsevər, dialoqa açıq ölkə olduğu bütün beynəlxalq səviyyəli tədbirlər, qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə önə çəkilir və nümunə göstərilir. Cənab İlham Əliyevin İtaliyaya, həmçinin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə, qəbul olunan Birgə Bəyannamədə Azərbaycanın dünyada sülhün, əmin-amanlığın, dialoqun tərəfdarı olduğu önə çəkilərək təqdir edilmişdir. Dövlət başçılarının birgə Bəyanatlarında niyyətlər, dünyada, regionda vəziyyətə verilən qiymət və gələcəyə istiqamətlər öz əksini tapıb. Həmin sənədlərin mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.

30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin sülh siyasətinə, dialoqa nə qədər önəm verdiyinin bariz nümunəsidir. Bütün münaqişəli məsələlərin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olan rəsmi Bakı ən nüfuzlu təşkilatların tribunasından bəyan edir ki, Azərbaycan sülh danışıqlarının tərəfdarıdır, amma bu səylər səmərə vermədiyi təqdirdə digər varianta üstünlük veriləcəyi şəksizdir.  

Bugünümüzün beynəlxalq mənzərəsinə diqqət yetirsək görərik ki, beynəlxalq aləm təhdidlərlə doludur, yerləşdiyimiz regionda milli-dini qarşıdurmalar davam edir, hər gün yüzlərlə, bəlkə də minlərlə günahsız insan məhv olur, müxtəlif zorakılıqlarla, məhrumiyyətlərlə qarşılaşır. Belə bir gərgin beynəlxalq şəraitdə Azərbaycan dinc yanaşı yaşamağın, dözümlülüyün, tolerantlığın nümunəsini nümayiş etdirir, qarşılıqlı maraqları təmin edən əməkdaşlığın insanların və xalqların əlaqələrinin daha da genişlənməsi, dostluğuna xidmət etdiyini təsdiq edir. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində də bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?! Özlüyündə yaranan “Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu?” kimi suallara cavab olaraq ölkə Prezidenti bildirmişdir ki, kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir? Onları didərgin salanlar sahib çıxsınlar. Ölkə Prezidenti bu kimi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında deputatlarımızı daha fəal olmağa çağırdı: Bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin mövqeyini daha da gücləndirəcək.

Dünyanın və regionun mənzərəsi fonunda  Azərbaycanın bugünkü uğurları, mövqeyi, bütün sahələr üzrə təqdimatına geniş yol açan imkanları daha aydın görünür. Dünya həqiqətlərə ədalət prizmasından yanaşsa, Azərbaycanı belə qəbul edəcək: dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq təşkilatlarla  əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə tətbiqi üçün təcrübə mübadiləsi aparır. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirmişdi. Həmçinin 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə dünyəvilik pinsiplərini yüksək səviyyədə qoruduğunu və dəyər verdiyini nümayiş etdirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, təkcə idman tədbiri deyil. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavabdır. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, deyə bilərik ki,  Azərbaycan bu gün dünyada ölkələrə sülh, əmin-amanlıq, inkişafa zəmin kimi qarşılıqlı maraqları ödəyən əməkdaşlıq nümunəsi nümayiş etdirir. Tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər, sabitliyin təmin olunması üçün fəal siyasi-iqtisadi fəaliyyət ölkələrin daxili işlərinə qarışmamaq sülhün bərqərar olmasına, ərazi bütövlüyünün qorunmasına, bəşəriyyətin rifahına istiqamətlənib. Belə prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir və bu mövqe daim güclənir, yeni mərhələyə keçir. Ölkəmiz dünyada ən islahatçı dövlət kimi tanınır və bu amil nüfuzlu beynəlxalq qurumların, ekspertlərin diqqətindədir. Ötən 16 ildə islahatların uğurluluğu nəticəsində müasir dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunda Azərbaycan sürətli inkişaf yolu keçir. Bu tərəqqinin əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti, uğurlu neft strategiyası və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Dövlətimizin başçısının fikirlərinə istinad etsək, Azərbaycan coğrafi mövqeyini regiondakı rolunu əvvəlcədən müəyyənləşdirən ölkədir. Sivilizasiyaların və mədəniyyətlərin dialoquna sərmayə yatıran Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığa və regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, bu fonda genişlənən beynəlxalq əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsinə  istiqamətlənib.

Yeganə Əliyeva, “İki sahil”