11 iyul 2019 17:56
83

Azərbaycan gələcəyə doğru inamla addımlayır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığıyla “Xalqa xidmətdə keçən ömür” adlı tədbir keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində, Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirilib.

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himnini səsləndirilib. Sonra Ulu Öndər haqqında film nümayiş olunub, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirib ki, 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Həmin gün ulu öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub. İstər Sovetlər Birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mübarizə devizi və həyat idealı olmuşdur.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Zabelin Mixail Yuryeviç bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışında qeyd edib ki, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qeyd edib ki, Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi, tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.