13 noyabr 2019 19:32
442

Azərbaycanda sürətli inkişaf dövrü yaşanır

Dövlətimizin başçısı İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan İcra Hakimiyyəti Başçılarını qəbul edərkən inkişafın davamlılığını təmin etmək üçün kadr islahatlarının zəruriliyini diqqətə çatdırdı

Dövlətimizin başçısı İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edərkən ölkəmizin iqtisadi, siyasi, xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək özlüyündə yaranan “əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı” sualını birmənalı olaraq belə cavablandırmışdır ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. “Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq” söyləyən ölkə Prezidenti İlham Əliyev diqqəti cari ilin ötən dövründə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli Zirvə Görüşlərinə, forumlara, sərgilərə yönəltmişdir.

2019-cu ilin ilk uğuru dünyanın yeni xarici siyasətinin ölkəmizdə müzakirə olunması oldu. Dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumu Azərbaycanın müstəqil, sabit, proqnozlaşdırıla bilən xarici siyasət yürütdüyünü və bu xəttin yeni dostların qazanılmasında, yeni körpülərin tikilməsində əhəmiyyətli rol oynadığını bir daha ortaya qoydu. Azərbaycan may ayında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin qatıldığı Forumda Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr təqdir olundu.  30 iyun-10 i        yul tarixlərində Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın milli-mənəvi dəyərlərinə, tarixi-mədəni irsinə bağlılığının təqdimatı istiqamətində atılan mühüm addımların tərkib hissəsi kimi dəyərləndirildi. Dövlətimmizin başçısı İlham Əliyevin Sərəncamı ilə cari ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin özü zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahibliyimizin təsdiqidir.

Son aylar Azərbaycan diplomatik uğurlarının davamlılığı ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında, həmçinin MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı Ermənistana və onun havadarlarına ciddi mesaj oldu. “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı dövlətimizin dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı. Bu kimi önəmli tədbirlərin davamı olaraq Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə və 120 üzvü sıralarında birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu  ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII zirvə Görüşünə ev sahibliyi, yekunda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi, Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi sənədlərin qəbulu və sair kimi mühüm diplomatik uğurlar ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən yeri və roluna, mövqeyinə işıq salmaqla yanaşı, Dağlıq Qarabağ probleminin həllinə gedən yolun yaxınlaşdığına da işarədir.

Azərbaycanın nəqliyyat, energetika sahəsində əldə etdiyi uğurlar da onun beynəlxalq aləmdə möhkəmlənən mövqeyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd edilən qəbulda uğurların davamlılığının təmin edilməsi üçün kadr islahatlarının aparılmasının vacibliyini bildirmişdir: “Gənclər mütləq məhz vətənpərvərlik ruhunda tərbiyə almalı və təcrübə toplamalıdılar. Ona görə də son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər.”

Əvvəldə də qeyd etdiyimiz kimi, xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə genişləndirilməsində maraqlı olan Azərbaycanın üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da əməkdaşlıq əlaqələrinin genişlənməsində və möhkəmlənməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, uğurlarımızın davamlılığı dövlətimizin başçısı İlham Əliyevin 6 fevral 2019-cu il tarixli “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Fərmanının imzalanmasında da əhəmiyyətli rol oynadı. Xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmaları genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı.

Cənab İlham Əliyev yeni təyin olunmuş İcra Hakimiyyəti Başçıları ilə görüşündə bir da bu əminliyi ifadə etmişdir ki, ölkəmizin ümumi inkişafı müsbətdir və gələcəkdə hər hansı bir ciddi problem görmürəm. Ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindəndir. Sabitliyin təminatçısı Azərbaycan xalqı və həyata keçirilən siyasətdir.

Yeganə Əliyeva, “İki sahil”