02 oktyabr 2019 20:49
235

Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır

Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən bildirmişdir ki, ölkəmizdə işsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır

“Müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun.”  Dövlətimizin başçısı İlham Əliyev  ölkəmizdə keçirilən növbəti  siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırarkən bu məqamları da diqqətə çatdırmışdır ki, son dəfə siyahıyaalınma 10 il bundan əvvəl keçirilib. 10 ildə ölkəmizdə çoxlu dəyişikliklər baş verib.  İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il  10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etdik.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini xüsusi qeyd edən cənab İlham Əliyevin vurğuladığı  kimi, ölkəmizdə işsizliklə  bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə cari ildə minimum əməkhaqqı təxminən iki dəfə artırılıb. Həmçinin pensiyalar, müxtəlif kateqoriyalardan olan vətəndaşların aylıq əməkhaqqı, tələbələrin təqaüdləri, müavinətlər artırılıb. Bir sözlə, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.

Azərbaycanın bugünkü uğurlarını şərtləndirən amillərə qısa nəzər salaq. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci il prezident seçkilərində qələbəsindən sonra keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev  Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi.  Məhz o dövrdə qoyulan möhkəm təməlin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 250 milyard dollardan artıqdır.  Yenə də xatırlatma etməyə məcburuq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Lakin bu maraq müstəqilliyimizin ilk illərində ictimai-siyasi durumun gərginliyi fonunda çox zəif görünürdü. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər tərəddüd edir, qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildən sonrakı dövr artıq bu tərəddüdlərə son qoyulması ilə müşayiət olundu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində atəşkəs sazişinin imzalanması uğurlarımıza geniş yol açdı. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə  inamı bir daha ortaya qoydu.  Artıq həmin dövrdən bizləri ayıran 25 illik   zamana diqqət yetirsək, əldə olunan uğurların miqyasının genişliyi bir daha bu reallığı ortaya qoyur ki, sabitlik bütün inkişafın əsasıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurla baş çatması və yeni layihələrin gündəmə gətirilməsini şərtləndirməsi beynəlxalq aləmdə qazandığı etirbarlı tərəfdaş imicinin təsdiqidir.    “Əsrin müqaviləsi”nin 20 illiyi Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi isə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yadda qaldı. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi.  Dövlətimizin başçısı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində bildirmişdir: “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir. “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi.”

Neft siyasətinin uğurlarına qısa baxışımız səbəbsiz deyil. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Son illərdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrasından xəbər verir.

“Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün  görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki,  uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da  elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin.

Məhz sabitlik fonunda Azərbaycan  əldə olunan uğurlara söykənərək, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün mühüm addımlar atır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının  ardınca müxtəlif istiqamətləri əhatə edən, davamlı inkişafa yol açan Yol xəritələrinin hazırlanması və icrası da deyilənlərin təsdiqidir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə  Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu problemlərdən az itki ilə çıxmasına səbəb oldu. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində, maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azərbaycanın islahatçı ölkə kimi nüfuz qazanması da uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır.

Cənab İlham Əliyev  əsas diqqəti uğurlarımızın əsasında dayanan xalq-iqtidar birliyinə yönəldir.  Hər bir çıxışında “Hakimiyyətin yeganə mənbəyi xalqdır” söyləyən cənab İlham Əliyev bu dayağa güvəndiyini, uğurlu addımlarda stimul olduğunu xüsusi vurğulayır. Bu birliyə, həmrəyliyə əsas verən amil isə təbii ki, dövlətin siyasətinin əsasında vətəndaş amilinin dayanması təşkil edir. Xalq hər addımda özünə diqqət və qayğının şahididir.  Bircə faktı qeyd etmək kifayətdir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böranı dövründə dünya dövlətlərində  sosial ödəmələr azaldığı halda, Azərbaycanda bütün sosial layihələr uğurla icra edilib, sosial müdafiənin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb. Ən əsası Azərbaycan özünü dünyaya sosial dövlət  kimi təqdim edib. Təkcə cari ilin ötən dövründə imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir.  Təsdiqlənən davamlı sosial paketlər insan amilinə verilən dəyəri bir daha ortaya qoydu. O da məlumdur ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsi zamanı “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi  insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək rifahının təmin edilməsidir. Azərbaycanın hərtərəfli inkişafının  bələdçisi olan xalqımız hər bir vədin  konkret əməli işdə öz təsdiqini tapdığını görür, ən əsası Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.

Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritetdir, biznes mühiti üçün beynəlxalq standartlara cavab verən, təkmil infrastrukturun mövcudluğu əsas şərtdir. İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi bölgələrdəki  vəziyyəti köklü şəkildə dəyişib.  Artıq bu gün böyük inamla qeyd eidrik ki, bütün kəndlərimiz, qəsəbələrimiz inkişaf dövrünü yaşayır. Ən ucqar kəndlərimizin yolları belə müasir tələblərə uyğun qurulmuş, sosial-iqtisadi inkişafdan geri qalmayıb.  Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib. Bu gün uğurla icra edilən özünüməşğulluq proqramını stimullaşdıran amillər sırasında   infrastrukturun tələblərə uyğun qurulmasıdır. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması və coğrafiyasını genişləndirməsi də bu amilə söykənir.

Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də  sosial sahədə layihələrin həyata keçirilməsidir.  3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. Son illərin mühüm layihələri sırasında  modul tipli məktəblərin tikintisi əsas yer tutur ki, bunlar da ilk növbədə  kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərini əhatə edir. Təbii ki, əsas məqsəd insanların rahat yaşayışını təmin etmək, onların bütün ehtiyaclarını ödəməkdir.

Göründüyü kimi, atılan bu addımlarda əsas məqsəd  bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir.  İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir.  Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında  duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.     

Ölkə Prezidenti bu çağırışı da edir ki,  çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma,  dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaradır. Əsas  hədəflərdən  biri   ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir.  İşsizlik və məşğulluq  probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir.  Yoxsulluq da 5 faiz səviyyəsindədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında   Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir.  “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda  bildirir ki, əlbəttə,  belə fikirlər ortaya  qoyulanda həm bizi daha da  sevindirir, həm də  dünyanın bütün maliyyə qurumlarına  bir siqnaldır.

Ümumiləşdirmə aparsaq,   ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir. Hədəfə çatmaq üçün  qeyri-neft sənayesi və kənd təsərrüfatı inkişaf etdirilir,  dövlət dəstəyi artırılır,  iqtisadi zonalar, sənaye parkları  yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki,  güclü iqtisadiyyat yaradaraq,  sosial məsələlərin həlli istiqamətində  addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan  vətəndaşının dayanmasından irəli gəlir.

Dövlətimizin başçısı İlham Əliyev xüsusi vurğulayır ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bunu şərtləndirən əsas amil isə əhalinin sayının artmasıdır. İqtisadi tərəqqinin demoqrafik  inkişafla uzlaşması “güclü dövlət, yüksək rifah” çağırışının reallıqda əksini tapdığını nümayiş etdirir.

Yeni iqtisadi və sosial çağırışların müzakirə olunduğu, ən əsası sosial dövlət kimi tanındığı Azərbaycanda bu ilin mayında keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu da iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. 55 ölkənin sosial təminat agentliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən həmin Forumda  beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının  perspektivləri geniş müzakirə olunaraq, dövlətimizin başçısı İlham Əliyevin təkmil siyasəti nəticəsində ölkəmizdə digər sahələrdə olduğu kimi sosial təminat sahəsində də uğurlu nəticələr əldə olunduğu,  sosial müdafiə sisteminin təkmilləşdiyi, müasir, şəffaf idarəetmə əsasında hədəfələrə yüksək səviyyədə nail olunduğu  xüsusi qeyd olunmuşdur. Həyata keçirilən  islahatların Avropanın müvafiq təşkilatları, eyni zamanda,  ölkələri ilə əməkdaşlığa geniş imkanlar açdığı önə çəkilmişdir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının  Prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulduğunu,  problemlərin həllində qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkərək, Azərbaycanın yenilikçi ölkə kimi əldə etdiyi uğurları təqdir etmiş, ölkəmizlə əlaqələrin inkişafı üçün möhkəm bazanın olduğunu diqqətə çatdırmışdır. Beynəlxalq səviyyəli tədbirlərdə  tez-tez səsləndirilən  “Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla reallaşır” fikri də keçilən yola və hədəflərin gerçəkləşdirilməsi yönümündə göstərilən səylərə əsaslanır. İnnovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır.

Qısa təhlil əsasında bir daha bu reallıq öz təsdiqini tapır ki,  siyasi və iqtisadi islahatların vəhdətliyinin yaradılması fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur, ən əsası Azərbaycanın hər sahədə təcrübəsi dünyaya nümunədir.

Yeganə Əliyeva, “İki sahil”