Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Nigar Orucova

Azərbaycanda siyasi plüralizm üst səviyyədədir

05 iyun 2020 12:03
1588

Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüralizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun olaraq addımlar atmağa, həmin prinsipləri öz gündəlik həyatında tətbiq etməyə başladı.

1992-ci ilin sonu, 1993-cü ilin əvvəllərində ölkədə siyasi basqıların, təqiblərin getdikcə artması, ölkədə siyasi plüralizm kimi vacib demokratik prinsiplərin işləməməsi, eyni zamanda, bütün bunların üzərinə sosial problemlərin də əlavə edilməsi may-iyun aylarında Azərbaycanda vətəndaş qarşıdurması, müharibəsi təhlükəsi yaratdı və faktiki olaraq ölkədə arzuedilməz siyasi situasiya, hətta ölkənin müstəqilliyinin təhlükə altına düşməsi qorxusu yarandı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tezliklə ölkədə mövcud olan problemləri aradan qaldırmağa nail olur.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı siyasi sahədə də müsbət yöndə islahatların həyata keçirilməsi, bu sahədə plüralizmin təmin edilməsinə imkan yaratdı. Siyasi partiyaların yaradılması, onların Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi üçün mövcud olan maneələr, əngəllər aradan qaldırıldı. Ümummilli lider ölkəmizdə siyasi plüralizmin təşəkkülündə mətbuata geniş meydan verilməsinə çalışırdı. Günümüzdə də Prezident İlham Əliyev və onun komandası tərəfindən cəmiyyətdəki plüralist siyasi mühit son illər qorunaraq daha da zənginləşib.

Xatırladaq ki, siyasi plüralizminin bütün prinsipləri Azərbaycanda mövcuddur. Belə ki, Azərbaycanda hakimiyyəti xalq seçir və ölkədə hakimiyyətin üç qola bölünməsi prinsipi tətbiq edilir. Analitiklər hesab edirlər ki, siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Azərbaycanda siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatlar mövcuddur. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 57 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbənin yaradılması, ötən müddət ərzində sözügedən şöbənin rəhbərliyinin ayrı-ayrı partiyaların sədrləri ilə görüş keçirib müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparması məhz hakimiyyətin siyasi sahədə də islahatlar həyata keçirmək, ayrı-ayrı partiyalarla qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətinin əyani sübutudur. Etiraf edilməlidir ki, mövcud vəziyyət ölkədə siyasi plüralizmin ən yüksək səviyyədə olduğunun göstəricisidir.

Ölkəmizdə siyasi plüralizmin təmin edilməsinin, onun qorunmasının digər bir nümunəsi isə VI çağırış Milli Məclisin tərkibi və onun müvafiq komitələri, rəhbərliyinin formalaşmasıdır. Məlum olduğu kimi, VI çağırış Milli Məclisin rəhbərliyində, onun sədr müavini postunda təmsil olunan şəxslər sırasında müxalifət partiyalarının, eyni zamanda bitərəflərin də nümayəndələri təmsil olunub. Həmçinin qanunverici orqanın ayrı-ayrı komitələrinin rəhbərləri də məhz parlamentdəki müxalifət partiyalarının təmsilçilərindən təşkil edilib.

Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm hətta siyasi cəhətdən inkişaf etmiş digər ölkələrdən belə ən üst səviyyədədir.

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?