12 avqust 2019 13:34
257

Azərbaycanda qiymət artımı varmı?

İstənilən normal, viranəlikdən və xaosdan uzaq ölkənin inkişafında, səbatlı və davamlı tərəqqisində düşünülmüş sosial-iqtisadi siyasətin mühüm rolu var.

Azərbaycan inkişafda, özü də sürətli inkişafdakı ölkələr arasındadır.

Dövlətimiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında 10 ən islahatçı ölkə arasında yer tutursa, biznes mühitinin yaxşılaşdırılması fonunda yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınırsa, bu, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir. Ən əsası, ölkəmiz dünyada sosial dövlət kimi nüfuz qazanıb. Bu mühüm məqam həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir". 

Uğurlu iqtisadi göstəricilər məqsədyönlü siyasətin, təkmil islahatların bəhrəsidir. Belə inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını, vətəndaşların firavan həyatına xidmət edən Fərman və sərəncamların imzalanmasını da şərtləndirir.

Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi hədəflərə doğru irəliləyiş səngimir. Sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda, cənab Prezident İlham Əliyev bu mühüm məqamı da çıxışlarında vurğulayır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə səsləndirilən fikirlər və rəqəmlər bir daha bu hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqlədi. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, sosial sahə bizim üçün prioritetdir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir.

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda ölkəmizdən bəhs olunanda vurğulandı ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilib.

Həmin Forumda Azərbaycanın yoxsulluqla mübarizə sahəsində təcrübəsi təqdir olunub, öyrənilməsinin vacibliyi bildirilib. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. İşsizliyin səviyyəsi 5 faizdir. Təkcə cari ilin 6 ayında 60 min yeni iş yeri açılıb. Dövlətimizin başçısı İlham Əliyev daim bu hədəfi açıqlayır ki, yeni iş yerlərinin açılması davamlı olmalıdır. Bu mühüm məqsədi şərtləndirən əsas amil isə ölkəmizin demoqrafik vəziyyətidir. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb. Artıq 2019-cu il Azərbaycan tarixinə 10 milyonuncu vətəndaşın dünyaya gəlişi, 10 milyonluq ölkə olmağımız kimi mühüm hadisənin yazılması ilə yadda qalacaq.

Bundan başqa, kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artıb. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.

Ticarət dövriyyəmiz də kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz yüksəlib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.

Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artıb, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir.

Aydındır ki, biznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Bu baxımdan infrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların çəkilməsi, xüsusilə kənd yollarının çəkilməsi və son illər ərzində bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kənd yerlərində mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.

Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin tikintisinə də başlanmışdır. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aid idi. Bu proqram da uğurla icra olunur.

Və ən nəhayət, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır.

Gələk qiymət artımı, bahalaşma və inflyasiya məsələlərinə.

"Azərbaycanda qiymət artımı varmı?" sualı ritorik deyil.

Cavabı da bəlli - var və bunu danmaq, imtina etmək absurd olardı.

Qiymət artımı heç də süni, mənbəsiz və mənşəsiz amillərə bağlı deyil.

Yaşanan proseslərin obyektiv, qaçılmaz səbəbləri var. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan ərazisinə və əhali sayına görə Rusiya, Çin, Kanada və ya ABŞ deyil ki, sosiumun tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənsin. Sadalanan ölkələrdə belə, iqtisadiyyatda idxal əhəmiyyətli yer tutduğundan sürəkli qiymət artımı müşahidə olunur.

Texnologiyalar, vasitələr, zəruri yarımfabrikatlar, bəzi yanacaq növləri, metal, gübrə və s. kimi nəsnələr mütləq şəkildə kənd təsərrüfatına təsir edir, fermerlərin məhsullarının bazar qiymətlərinə təsir edir.

Unutmayaq ki, son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülmüşdür. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Bunun sayəsində ciddi məhsul artımı müşahidə olunur. Ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə ona tələbat artır və daha çox məhsul ixrac olunur. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur;

"İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir. Biz ixrac edə bilərikmi? Əgər açıq danışsaq, əlbəttə ki, yox. Ona görə, bizim kimi gənc müstəqil dövlət, - hansı ki, böyük problemlərlə üzləşmişdir, - əvvəlcə təbii imkanlarının hesabına yaşamalıdır, ilk addım kimi. Ona görə, biz Ulu Öndərin uzaqgörənliyi ilə neft strategiyasını həyata keçirmişik və böyük maliyyə vəsaiti əldə etmişik", - deyə İlham Əliyev bildirmişdi.

Biz indi sənaye müəssisələri yaradılması istiqamətində böyük işlər görürük. Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq. Halbuki bu, o qədər də asan məsələ deyil. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa bazarlarına çıxmaq üçün çox problemlər var. Məncə, bu gün bu, çox çətin məsələdir. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır.

Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, "Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur". Öz şərəfli əməyi ilə ölkənin ərzaq təhlükəsizliyinə misilsiz töhfələr verən və əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunub. 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi onların tükənməz əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Kənd zəhmətkeşlərinin gərgin əməyi sayəsində aqrar sahədə qazanılan nailiyyətlər və davamlı uğurlar dövlətimizin başçısının onlara verdiyi bu qiymətin, göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Elçin Alıoğlu
Milli.Az