25 avqust 2020 21:36
818

Azərbaycanda qazanılan vəsait niyə xaricə investisiya edilməlidir?

Bu gün dünyada gedən iqtisadi mübarizənin istiqamətlərindən birini investisiyaların cəlbi təşkil edir. Daha dəqiq desək, müxtəlif yollarla xarici investisiyaları cəlb etməyə çalışan ölkələr olduğu kimi, belə investisiyaların ölkədə qalması istiqamətində müxtəlif tədbirlər görən ölkələr də az deyil. Hazırda hətta dünyanın iri iqtisadiyyatlarına malik ölkələr belə yerli şirkətlərin xaricdəki investisiyalarının geri qaytarılmasına xidmət edən addımlar atmaqdadırlar.  

Elə Prezident İlham Əliyev də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən yerli sahibkarların xarici ölkələrə investisiya qoymalarından bəhs edib. Ölkə başçısı bildirib ki, yerli sahibkarlar, ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar. Onun sözlərinə görə, bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar: “Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir”. 

Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə ay bundan əvvəl Qazax rayonunda əhəng zavodunun açılış mərasimində müəssisə rəhbərinə bütün sərmayələrin Azərbaycana qorulmasını tövsiyə etdiyini bildirmişdi: “...Mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin”.

Bütün bunlar  istər pandemiya, istərsə də ondan əvvəlki dövrdə ölkəyə sərmayə qoyuluşuna, xüsusilə də yerli investisiyalara dövlət başçısı səviyyəsində əhəmiyyətin göstəricisidir.

Yerli iş adamlarının Azərbaycanda vergi-gömrük, kredit güzəştlərindən, subsidiyalar hesabına qurduqları böyük bizneslərdən əldə etdikləri vəsaitləri xaricə yönəltməyə  can atmaları nə ilə bağlıdır? Bunu bir neçə səbəblə izah etmək olar.

Səbəblərdən biri gəlirliliklə bağlıdır. Ölkəyə xarici investisiyaların  əsasən neft-qaz sektoruna yönəlməsi də onu göstərir ki, bu sahə gəlirlilik baxımından daha cəlbedicidir. Ancaq Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru, o cümlədən qeyri-neft-qaz sənayesi, kənd təsərrüfatı ilə xarakterikdir.Lakin məlum olduğu kimi, bu sektor əcnəbi üçün elə də cəlbedici deyil. Bu baxımdan ölkə başçısının təbirinincə desək, qeyri-neft sektorunda ümid yerli investorlaradır. Elə bu səbəbdən də bu sektor neft-qaz sektoru ilə müqayisədə daha çox dövlətin qayğısı ilə əhatə olunur.

Digər bir səbəb isə sahibkarlıq fəaliyyətinin məmur özbaşınalıqlarının əsas hədəflərindən biri olmasıdır. Belə ki, ötən ildən başlayaraq regionlarda icra hakimiyyətlərində aşkar olunan ciddi qanun pozuntularının bir istiqamətinin də sahibkarların fəaliyyətinə müdaxilələrin təşkil etməsi onu deməyə əsas verir ki, yerli investorları ölkə xaricinə üz tutmalarının əsas səbəblərindən biri də məhz məmur özbaşınalığıdır. Lakin istənilən halda regionlarda idarəetmə sistemində islahatların başlanılması, yeni rəhbərlərə investisiyaların cəlbi ilə bağlı ciddi tapşırıqların verilməsi sahibkarlar üçün əlavə stimul olmalıdır.

Öz növbəsində yeni icra başçılarını qəbul edərkən  “Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək” deyən dövlətimizin başçısı  indiki şəraitdə xarici ölkələrə böyük miqdarda investisiyalar qoymağı da düzgün hesab etmir: “Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır”.

Şübhəsiz ki, ölkə başçısının bu fikirlərindən sonra özəl sektor xarici investisiyalarla bağlı gələcək planlarını ciddi şəkildə gözdən keçirməli olacaqlar. Çünki pandemiya dövründə ölkə xaricinə böyük məbləğdə sərmayə qoyuluşunu əsaslandırmaq elə də asan məsələ deyil. Bu baxımdan xaricə sərmayə qoyuşulu məsələsi iş adamları üçün ciddi siqnaldır.  Gözləniləndir ki, ölkə başçısının  tapşırığından sonra özəl sektor tərəfindən iqtisadiyyata, o cümlədən regionlara daha böyük həcmdə investisiya qoyulacaq. Əks təqdirdə, ölkə xaricinə investisiyalar qanuni yollarla qadağan edilməsə də, digər qabaqlayıcı tədbirlər istisna deyil.

Ceyhun Piriyev, “İki sahil”