25 aprel 2019 19:16
119

Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb

Bu sözləri AZƏRTAC-a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

“Artıq 4-cü ildir ki, ölkədə Sahibkarlar Günü qeyd edilir. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 900 mindən çox sahibkarlıq subyekti var və onların 130 mini hüquqi şəxslərdir. Ötən illər ərzində ölkədə güclü sahibkarlar sinfi formalaşıb, böyük iqtisadi islahatlar aparılması nəticəsində əlverişli biznes mühiti yaranıb”, - deyə M.Musayev bildirib.

O, xüsusən də, qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı məqsədilə ölkəmizdə aparılan islahatların mühüm rolunu vurğulayıb: “Vergi Məcəlləsinə ciddi əlavə və dəyişikliklər edilib, nəticədə kiçik və orta sahibkarlar mənfəətdən 75 faiz həcmində güzəşt əldə ediblər. Gömrük Məcəlləsində nəzərdə tutulan “Yaşıl dəhliz” prinsipi ilə işləmək isə sahibkarların idxal-ixrac əməliyyatlarını vaxt itirmədən, rahat şəkildə aparmasına imkan yaradır. Artıq ÜDM-də özəl sektorun payı 85 faizə çatıb. Özəl sektorla dövlət arasında dialoqun qurulmasında Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısına qoyduğu hədəflər üzərində səylə çalışır”.

ASK-nın prezidenti qeyd edib ki, biznes mühitin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb. Ümumilikdə 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.