24 may 2020 16:57
481

Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib

Ölkəmizdə aparılan davamlı islahatlar dövlətimizin regionda və dünyada maraq dairəsini genişləndirir, eyni zamanda aparıcı şirkətlərin təqdim etdikləri ən yeni, müasir layihələr burada tətbiq olunur. Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib.

Bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin "Signify" şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi videokonfransında irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün dövlətimiz dünya ölkələrinə innovativ yeniliklər, enerji layihələri ixrac etməklə yanaşı, eyni zamanda, dünyanın bu kimi aparıcı şirkətləri də ən müasir texnoloji və s. imkanlarını bizim ölkəyə təqdim edir, burada uğurlara imza atmaq marağında olduqlarını gizlətmirlər:

"Baxın, təkcə Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq etmək istəyən nə qədər nüfuzlu xarici şirkətlər var və bu gün onlar texnoloji imkanlarını ölkəmizdə səfərbər edərək, burada ilklərə imza atmaq istəyirlər. Bunun üçün isə məhz tərəqqi edən dövlət, inkişaf edən məkan lazımdır. Azərbaycan bütün bu kimi nüfuz kriteriyalarına malikdir. Təkcə ən müasir işıqlandırma sistemlərinin dünyada ilk olaraq Bakıda qurulması planı sözügedən reallıqların bir hissəsidir".

"Daha bir məqam isə, görüş əsnasında Prezident İlham Əliyevin qeyd etdiyi fikirlərdir", - deyən Bəhruz Quliyev əlavə edib ki, Azərbaycanda gənclərin müxtəlif texnoloji peşələrə sahib olma maraqları qarşıda növbəti uğurların əldə edilməsinə və gənc nəslin uğurlu perspektivlərinə zəmin yaradır:

"Dövlət başçımız qeyd edib ki, yeni elektron kənd təsərrüfatı sistemininin həyata keçirilməsi bizə həyatımız və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir və gənclər həmin profilə maraq göstərirlər. Bu da qeyd edilən fikirləri təsbit və təsdiq edir. Digər tərəfdən, ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Nəzərə alsaq ki, bu gün dünyada kənd təsərrüfatı sahəsi yüksək sürətlə digər sahələri üstələyir, bu zaman əminliklə deyə bilərik ki, qısa müddətdə bu kimi şirkətlərlə birgə həyata keçiriləcək layihələr öz münbit nəticələrini verəcək.

Ona görə də, Prezidentimiz Azərbaycanın yeni texnologiyalara, innovasiyalara hazır olması bəyanatını verib və artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaradıldığını vurğulayıb. Belə ki, həyata keçirilən layihələrlə yanaşı, sosial və s. sahələr də öz bəhrəsini verəcək, yeni iş yerləri açılacaq və xüsusilə, növbəti nəhəng layihələr Azərbaycana gələcək. Bu baxımdan da, Prezident İlham Əliyev ölkəmizin yeni texnologiyalara tam açıq olduğunu xüsusilə vurğulayıb. Əlbəttə ki, bu reallıq xalqımızın daha rifahlı həyatı üçün də çox mühüm əhəmiyyət kəsb edir".