28 fevral 2020 11:05
2220

Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkədir

Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə səsləndirilən rəqəmlər bunu bir daha təsdiqlədi

“Doing Business” hesabatında Azərbaycan  biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə, təkmil islahatlara görə  20 ən islahatçı ölkə sırasında qərarlaşıb. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, “ABAD”, “DOST” kimi layihələri beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın ən böyük uğurları, yenilikçi ölkə kimi tanınmasının təqdimatı kimi dəyərləndirilir. Bu baxımdan ki, həmin layihələr ölkədə kiçik və orta biznesin inkişafına geniş imkanlar yaratmaqla yanaşı, ölkəmizə investisiyaların cəlbində də əhəmiyyətli rol oynayır. Artıq ölkəmizlə iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan dövlətlər, şirkətlər yalnız neft deyil, qeyri-neft sektoruna da investisiya qoymaqda maraqlı olduqlarını bildirir, Azərbaycanda bu sahədə mövcud imkanlardan məmnunluqlarını ifadə edirlər. Biznes mühitinin yaxşılaşdırılmasında əsas amillərdən biri şəffaflığın təminatıdır ki, bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir.  2020-ci ildə  “ASAN xidmət” mərkəzlərinin sayının 27-yə çatdırılacağı nəzərdə tutulur. Ötən il iki DOST mərkəzi istifadəyə verildi.  2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi hədəflənib. Dövlətimizin başçısı İlham Əliyev  bildirir  ki,  cari ildə DOST mərkəzləri şəbəkəsinin  ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda - Abşeron, Sumqayıt, Bərdə, Quba və Sabirabadda 5 mərkəzin təmir- tikinti işləri aparılacaq.

Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də bu məqamlara xüsusi diqqət yönəldilmişdir.  Azərbaycan-İtaliya biznes forumunda  çıxış edən  Xarici İşlər və  Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo bildirmişdir ki, Azərbaycan hökuməti  iqtisadiyyat sahəsində, eləcə də iş adamları ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır.  Biznes mühitinin,  Kiçik və Orta Biznes (KOB) mərkəzlərinin, o cümlədən  digər iş adamlarının hüquqi sistem baxımından qorunmasına böyük dəstək verilir. 100-dən çox İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir.  Təbii ki, bu, Azərbaycanda yaradılan biznes mühitinin və iş adamlarına göstərilən diqqətin göstəricisidir. İtaliyanın bütün sahələr üzrə dünya səviyyəsində böyük təcrübəyə malik olduğunu önə çəkən nazir bildirmişdir ki, İtaliya  infrastruktur və nəqliyyat  sahəsində dünya səviyyəsində əvəzolunmaz rolunu oynamışdır: “Əminik ki, İtaliya şirkətlərinin bacarıqları sizə kömək edəcək.”

Ölkəmizin iqtisadi vəziyyətinin çox sabit olduğunu xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı öz aktuallığını qoruyur.  Ölkəmizin gələcək planlarına gəldikdə  infrastruktur layihələri prioritet təşkil edəcək və  İtaliya şirkətlərini dəvət edirik. Ölkə Prezidenti iqtisadi inkişafımızın göstəricilərini diqqətə çatdırmışdır.  Valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb. Bu, xarici dövlət borcumuzdan altı dəfə çoxdur, eyni zamanda,  önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından vəsait cəlb etməyə geniş imkan yaradır. Azərbaycan  Beynəlxalq Maliyyə Korporasiyası- IFC-nin hesabatında  donor ölkə kimi tanınır.  Onu da qeyd edək ki, son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollar, təkcə ötən il 13,5 milyard dollar investisiya qoyulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində  hər iki ölkənin dövlət başçılarının mətbuata bəyanatlarında iqtisadi əlaqələrin genişlənməsi fonunda  investisiyaların həcmində artıma xüsusi diqqət yönəldilmişdir.  Azərbaycanda  4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərdiyi önə çəkilərək qeyd olunmuşdur ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12, 5 milyard dollar investisiya qoyub.

İtaliya və Türkiyə dövlətlərinin timsalında, həmçinin bu səfərlərdən öncə cənab İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransının iclasında iştirak etmək məqsədilə Almaniyaya səfəri çərçivəsində keçirdiyi görüşlərdə  səsləndirilən rəqəmləri də əlavə etsək, görərik ki, Azərbaycan investisiya cəlbediciliyi baxımından dünyanın diqqətindədir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki ölkəmizdə istər yerli, istərsə də xarici iş adamlarının  səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib.

Yaradılan əlverişli  investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Proqnozlara istinad etsək,  2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. Son 16 ildə 2,3 milyondan artıq yeni iş yeri yaradılıb.  Ötən il 98 min yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 4,8 faizə enib.  Hazırda ölkəmizdə  sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması dövlətimizin başçısı  İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.  Qeyd olunan səfərlər çərçivəsində keçirilən görüşlərdə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri imkanların mövcudluğu xüsusi vurğulanmışdır. “20 il əvvəlki Azərbaycan ilə  bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil” söyləyən Türkiyə Prezidenti bildirmişdir ki, bu gün tamamilə  başqa bir Azərbaycan göz önündədir.  İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var: “Təbii ki,  burada  Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan  sonra da artmaqda  davam edəcəkdir...Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram.”

Yeganə Əliyeva, “İki sahil”