13 mart 2020 20:27
1679

Azərbaycan xalçaları İstanbulda sərgilənir

Martın 13-də İstanbulda yerləşən dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı "Türk və İslam Əsərləri Muzeyi"ndə qədim və nadir Azərbaycan xalçalarının sərgisinin açılışı olub.

İyunun 13-dək davam edəcək sərgi “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi çərçivəsində baş tutub. İki ölkə muzeyləri arasında həyata keçirilən bu ilk layihənin əsas məqsədi "Türk və İslam Əsərləri Muzeyi"nin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə hazırlanıb.

Üç ay davam edəcək sərgidə "Türk və İslam Əsərləri Muzeyi"nin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə eyni zamanda muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə də təqdim olunur.

Açılış tədbirində Azərbaycan xalçalarının kitab-kataloqunun təqdimat mərasimi də keçirilib. //AZƏRTAC