17 sentyabr 2019 15:52
187

Azərbaycan və Xarkov Texniki universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yevgeni Sokol Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-dan "İki sahil"ə verilən məlumata görə, qonağı qəbul edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev rəhbərlik etdiyi təhsil ocağının tarixi, fəaliyyəti, fakültələri və beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor əsasən yüksəkixtisaslı mühəndis kadrların hazırlığı ilə məşğul olan hər iki ali məktəb arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu əməkdaşlığın elmə böyük töhfələr verəcəyini qeyd edib.

Görüşdən məmnun qaldığını bildirən professor Yevgeni Sokol rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişaf mərhələlərindən danışıb. Qeyd edib ki, 22 fakültəsi və 20 mindən çox tələbəsi olan bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlanır. Universitet Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir.

Daha sonra Xarkov Milli Texniki Universiteti ilə AzTU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elm, təhsil sahəsində əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqat, nəşr və layihələrin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.