09 oktyabr 2019 19:22
256

Azərbaycan təkcə təbii ehtiyatlarını deyil,  intellektual məhsullarını da ixrac edir

Azərbaycan brendləri olan “ASAN xidmət”, “MİDA”, “ABAD” və “DOST” layihələri bunun təsdiqidir

Əhalinin sosial müdafiəsinin, həmçinin sosial xidmətin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması həyata keçirilən siyasətin əsas tərkib hissələridir. Dünyaya səs salan  “ASAN xidmət”, “MİDA”, “ABAD” və “DOST” layihələri də bu məqsədə xidmət edir.

Cari ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirlərindən olan,  dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı  BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın innovasiyalar ölkəsi kimi təqdimatında əhəmiyyətli rol oynadı.  Təbii ki, Forumun Azərbaycanda  keçirilməsini şərtləndirən  ən önəmli amil ölkəmizdə dövlət xidmətləri sahəsində  qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti  və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi idi.            

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkitlatçılığı ilə keçirilən tədbirdə  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, “ABAD”ın  uğurlarından geniş bəhs etmişdir.  Bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında  10 Anlaşma Memorandumunun imzalandığı önə çəkilərək bildirilmişdir ki,  bununla  kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik.  2016-cı ildə  ölkəmizdə “ASAN”ın uğur hekayəsinin davamı olaraq “ABAD” adı altında  digər sosialyönümlü xidmətin  fəaliyyətə başlaması,   400-ə yaxın üzvü olan “ABAD”ın regionlarda işsizlik məsələlərinin həlli üçün mühüm bir vasitəyə çevrilməsi də mühüm uğurlarımız, yeniliklərimiz sırasındandır.

Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin  təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Ölkə Prezidenti İlham Əliyev  bu məqamı  xüsusi qeyd edir ki,  iqtisadiyyatımızın yeni inkişaf strategiyasının hazırlanması prosesinə  qabaqcıl beynəlxalq mütəxəssislərin, alimlərin cəlb edilməsi   uğurların davamlılığının prioritetliyindən irəli gəlir.

Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların  potensial imkanlarından maksimum istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. “Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var” söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin  aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır.  Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Daim ilkləri ilə diqqət çəkən  Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi,  “ASAN xidmət”,  “ABAD”, “DOST”, həmçinin “MİDA” layihələrinə imza atıb. Dövlətimizin  sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması Azərbaycan vətəndaşlarının mənzilə olan tələbatının təmin olunması məsələsini daha da aktual edir. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil problemlərinin həlli prioritet vəzifə kimi müəyyən edildi. Bu sahədə həyata keçirilən islahatların davamı olaraq, dövlət başçısının 11 aprel 2016-cı il tarixli  Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi  (MİDA) yaradılmışdır. Qeyd etdiyimiz kimi,  məqsəd vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların inşasını təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Hədəflərə  çatmaq üçün atılan addımlar uğurlu nəticələrini verir.

Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi ötən il   İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın  iştirakını da  qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir: “Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.”  “Sofiya” bildirmişdir ki,  “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. “Sofiya” onu da bildirmişdir ki, ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir.

Qeyd edək ki,  bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur, onların sayı 20-yə çatacaq.  “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, innovativlikdir. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Dövlətimizin başçısı bildirir ki,  “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi.

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir.   Dövlətimizin başçısının bu fikirlərini də xatırlatmaq istərdik:  “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.”

Ölkəmizdə idarəetmə sahəsində təkmilləşmə beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. BMT-nin  Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını bildirir. Qeyd olunur ki,  təkmilləşməyə əsaslanan yeni-yeni layihələr  Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır.

Yeganə Əliyeva, “İki sahil”