24 sentyabr 2019 10:23
241

Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır

Son dövrlərdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regionda fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi  fonunda stabil və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividentlər əldə etməyi hədəfləyib.

Bu barədə danışdıqda, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan indiyədək bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayıb. Bununla da Azərbaycan özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut edib. Bu mənada Azərbaycan, həmçinin Şimal-Cənub layihəsinin tərəfdaşı olmaqla öz tarixində yeni əsrarəngiz bir səhifə açmağa hazırdır.

Heç şübhəsiz, sözügedən layihə qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq sayəsində ölkə iqtisadiyyatına xeyli gəlir gətirəcək. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Belə görünür ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi Azərbaycan, İran İslam Respublikası və Rusiya  Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, yüklərin bu istiqamətə axınına təkan verəcək.

Şimal-Cənub layihəsi, eyni zamanda,  Azərbaycan üçün böyük siyasi əhəmiyyətə malikdir. Ölkəmizin özünü əhəmiyyətli regional tərəfdaş kimi sübut etməsindən əlavə, Rusiya və İranla üçtərəfli əlaqələrin yaxşılaşdırılması artmaqda olan iqtisadi potensialın siyasi təsir dairəsinin güclənməsinə gətirib çıxardığının bariz nümunəsidir. Bir sözlə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycana yaxın gələcəkdə daha geniş iqtisadi və siyasi imkanlar verə bilər. Bu mənada Azərbaycanın bu dəhlizdən gözləntiləri çoxdur.

Nəticədə Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq bütün qüvvələr səfərbər olundu.

Sözügedən layihənin reallaşdırılması məqsədilə Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. Bundan başqa, ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Qeyd olunan terminalda quru yüklərin aşırılması artıq həyata keçirilir. Bu maşrutun Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi tamamlanıb. Samur çayı üzərindən Samur (Azərbaycan) - Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası isə davam etdirilir.

Bu istiqamətdə görülən işlərdən bəhs edərkən onu da bildirmək lazımdır ki, ötən il İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i imzalanıb.

“Şimal-Cənub nəqliyyat dəhlizi 3 ölkənin, ümumilikdə dünyanın əhəmiyyətli hissəsinin gözlədiyi və fayda götürəcəyi layihədir. Bu layihə vasitəsilə Şimaldan başlayaraq gələn yüklər Asiya ölkələrinin böyük bir qisminə olduqca qısa zamanda çatacaq. İndiyədək bu yüklərin daşınması üçün müxtəlif nəqliyyat marşrutlarından istifadə edilməklə həyata keçirilir və buna xeyli müddət sərf edilir. Bu da məhsulun maya dəyərini kifayət qədər artırır”. Bu barədə “İki sahil” qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, yüklərin Azərbaycan üzərindən dəmir yolu vasitəsilə Avropa və Rusiyadan Asiyaya və ya əks istiqamətdə daşınması onun qısa zamanda çatdırılmasına imkan verir: “Bu, məhsulun maya dəyərinin azalmasına, yeni iş yerlərinin yaranmasına, ölkələrin iqtisadi inteqrasiyasına, ən əsası isə regionda sülhün və sabitliyin yaranmasına böyük bir töhfədir. Azərbaycanın da fəal iştirak etdiyi bu layihədə hər bir ölkə onun qısa zamanda ərsəyə gəlməsində maraqlıdır”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan üçün layihənin digər bir əhəmiyyəti bu nəqliyyat dəhlizi ilə ölkə üzərindən keçən yüklərin bir hissəsinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyə və ona yaxın regionlara da daşına bilinməsidir.

Deputat xatırladıb ki, Azərbaycanın iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əvvəlki layihələr kimi, regiondakı digər ölkələrin də maraqlarına cavab verir.

Qeyd edək ki, 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 45-60 gündür , Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir).

Dəhliz vasitəsilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır.

Ceyhun Piriyev, “İki sahil”