15 sentyabr 2020 18:05
462

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

Müasir texnologiyalara əsaslanan sənaye parkları və istehsal müəssisələri

 

Qürurverici haldır ki, ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlar hesabına  sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm daşıyıb.

Dövlət başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili" elan olunması aparılan işləri daha da genişləndirmiş və sənayeləşməni sürətləndirmişdir. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın, habelə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” də Prezident İlham Əliyevin məhz bu sahəyə xüsusi önəm verməsinin bariz ifadəsidir. Adları çəkilən sənədlərdə qarşıya qoyulan vəzifələr qeyri-neft sənayesində yeni çağırışlar və imkanlar nəzərə alınmaqla uğurla həyata keçirilir. Həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənaye sahəsi genişləndirilmiş və yeni istehsal gücləri istifadəyə verilmişdir.

Son illər qabaqcıl texnologiyaların tətbiqi ilə çoxlu sayda rəqabətqabiliyyətli müəssisələrin qurulması nəticəsində Sumqayıt Texnologiyalar Parkı, Alüminium İstehsalı Kompleksi və Azərbaycan Polad İstehsalı Kompleksi, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, Bakıda gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Naxçıvan Avtomobil Zavodu, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədidə süd məhsulları, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və  digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib. Bu qənaətə gəlmək mümkündür ki, Azərbaycanda texnopark modelinin yaradılması və bu modelin əsas iqtisadi subyektlərindən hesab olunan sənaye texnoparklarının inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən çox əhəmiyyətli işlər görülür və bu, ölkə iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərməkdədir.

Sənayeləşmə siyasətinə uyğun olaraq yaradılmış müəssisələr sırasında özünəməxsus yer tutan “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmışdır.  Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.

Azərbaycan Prezidentinin iqtisadi siyasəti, sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması sahəsində görülən işlər ölkəmizin daxili tələbatının təmin edilməsi və ixrac potensialının yüksəlməsində mühüm rol oynayır. Azərbaycan həm də regionun sənaye mərkəzinə çevrilir. Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neftqaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzini də  bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.Qeyd edək ki, mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Dövlət başçısı Peşə Təhsil Mərkəzinin açılışında çıxışı zamanı Sumqayıtın nəinki Azərbaycanın,  hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu bildirmişdir: “Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.

Prezident İlham Əliyev daxili tələbatın ödənilməsi və ixracın çəkisinin artmasında  Sumqayıt Kimya Sənaye Parkının rolundan bəhs edərkən vurğuladı ki, biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik: “İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texnikiiqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Çünki biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur”.

Dövlətimizin başçısı xarici investorların Azərbaycana marağının artması, müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizin öz vətənlərinə investisiya yatırmasının əhəmiyyəti haqqında söz açdı: “Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində  respublikamızda sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi,  yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, müasir sənaye parklarının və məhəllələrinin yaradılması qeyri-neft sənayesinə yerli və xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. Məhz buna görə də görülən işlərin nəticəsidir ki, pandemiya Azərbaycanda sənaye istehsalına kəskin mənfi təsir edə bilməyib. Bu gün dünyanı cənginə alan COVID-19  pandemiyası dünyanın əksər ölkələrində sənaye istehsalının həcminə mənfi təsir göstərsə də  Azərbaycanda  bu sahədə azalma olmayıb.

Bu cür sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm  əhəmiyyət kəsb edir. Bu gün qətiyyətlə demək olar ki,  dövlət başçısının  inkişaf strategiyası nəticəsində  Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyaraq regionun ən güclü sənaye mərkəzinə çevrilir.

Yaqut Ağaşahqızı, “İki sahil”