01 fevral 2020 11:05
1229

Azərbaycan regional təhlükəsizliyin təminatına töhfə verən sabit ölkədir


Davosda  Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan “Strateji baxış: Avrasiya” mövzusundakı paneldə moderatorun suallarını liderə layiq məntiqi ilə cavablandıran Prezident İlham Əliyevin dövlətçilik təcrübəsi nümunə göstərildi


Davos Dünya İqtisadi Forumunda iştirak edən,  biri-birindən maraqlı  görüşlər keçirən, məntiqli çıxışları ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin   beynəlxalq aləmdə baş verən hadisələr barədə açıqlamaları diqqətlə  qarşılandı. Forum  çərçivəsində keçirilən  “Strateji baxış: Avrasiya” mövzusundakı  paneldə  ikili standartların mövcud olduğu, qüvvələr nisbətinin dəyişildiyi  dünyamızda baş verən hadisələri təcrübəli lider kimi təhlil edən dövlət başçımız İlham Əliyevin ölkəmizin qlobal hadisələr fonunda  dünya  siyasətinə təsiri ilə bağlı açıqlamaları  Azərbaycan həqiqətlərinin təqdimatı idi.

“Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir” sozləri ilə  Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu   diqqətə çatdıran cənab İlham Əliyevin vurğuladığı kimi,  təkcə ötən ildə ölkəmizə 40-dan çox dövlət və hökumət başçısının səfəri, Azərbaycanın bir neçə mühüm əhəmiyyətli tədbirə ev sahibliyi etməsi dünyada  beynəlxalq mövqelərimizin möhkəmlənməsinin göstəricisidir. Etibarlı tərəfdaş kimi tanınan ölkəmizin ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirakı  Azərbaycanın sabitliyin təminatında   maraqlı olduğunu göstərir. Keçən il  yeni saziş üzərində  ölkəmizlə birgə çalışan Avropa İttifaqı Şurası Prezidentinin respublikamıza  səfəri qurumla  Azərbaycan arasındakı əlaqələrin istənilən səviyyədə olduğunu göstərir.

Dünyada siyasi sabitliyi ilə seçilən,  beynəlxalq münasibətlər sistemində qarşılıqlı  hörmət, etimad prinsiplərinə əsaslanan Azərbaycanın dəyişilməz xarici siyasətinin dəstəklənməsi də  ölkəmizə  səmimi münasibətin ifadəsidir. Bu reallığı moderatorun

“Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə” sualını məntiqli, düşünülmüş şəkildə  cavablandıraraq “Bakıya” cavabı ilə  hamını təəccübləndirən dövlət başçımız İlham Əliyev bununla bildirdi ki,  Azərbaycanın dövlət siyasətinin əsasında xalqın istəyi, amalı dayanır. Prezident İlham Əliyevin “Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq” sözləri təsdiqlədi ki, beynəlxalq aləmdə mövqeyi möhkəmlənən Azərbaycan  bütün hadisələrə ilk növbədə milli maraqlar və dövlətçilik mövqeyindən yanaşır,   xalqımızın istəkləri nəzərə alınmaqla qiymətləndirilir. 

Həmin iclasda  ölkəmizdə son zamanlarda aparılan islahatlar  barədə məlumatların olması göstərir ki, Azərbaycanda baş verən hadisələri maraqla izləyən dünya dövlətləri, beynəlxalq təşkilatlar üçün respublikamızın regional əhəmiyyəti  ümdə məsələdir və  təcrübə kimi təbliğ olunur.

“Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz” sualını ətraflı cavablandıran cənab İlham Əliyev, eyni zamanda, gənclərin XXI əsrin çağırışlarına daim hazır olduqlarını və hədəflərin zamanın tələblərinə uyğun müəyyənləşdirildiyini  vurğuladı.

“Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz” söyləyən cənab İlham Əliyev  islahatların məqsədlərini açıqlayaraq bildirir ki, ölkəmizdə  neft amilinin insan amilinə çevrilməsi istiqamətində illərdən bəri davam etdirilən siyasət özünü doğruldur.  Azərbaycanda kadr  potensialının yeniləşdirilməsi, təkmilləşdirilməsi ilə birlikdə  yeni təfəkkürə malik  mütəxəssislərin iştirakı ilə gerçəkləşəcək infrastruktur layihələrinin həllinə də sərmayələr yatırılır.  “Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm” söyləyən Prezident İlham Əliyev Davos qiymətləndirilməsinin digər sahələrində əldə olunan nailiyyətləri də açıqlayır.

Azərbaycanda  gənclər siyasətinin uğurla davam etdirilməsi beynəlxalq səviyyədə  qiymətləndirilir, yeni nəslin gələcəyə tam hazırlanması istiqamətində həyata keçirilən layihələr, aparılan islahatlar nümunə  göstərilir və  başqa dövlətlərdə tətbiq olunur. Gənclərin dövlətin idarəçilik strukturlarında  irəli çəkilməsi  dəstəklənir. Birinci Avropa Oyunlarında  ilk təqdimatı keçirilən “ Könüllülər  hərəkatı”nın  sonradan daha da kütləviləşməsi, müxtəlif strukturlarda könüllü kimi  iştirak etmələri gənclərə  alternativi olmayan diqqət və qayğıdır. Başqa ölkələrdə  daha çox küçə yürüşlərində   görünən gənclərdən fərqli olaraq Azərbaycanda  gənclər siyasəti qəbul olunmuş Dövlət proqramları əsasında  davam etdirilir, onların təhsili,  sağlamlığı, idmana marağı, ailə-məişət məsələləri də daim diqqətdə saxlanılır.  Bu məsələ ilə bağlı suala dövlət başçımızın cavabı  hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etdiyi reallığın  təsdiqidir: “Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir.”

“Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər bu baxışı, regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi” sualını da məntiqli düşüncəsi ilə cavablandıran, “Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. ..İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var” söyləyən cənab İlham Əliyev bildirir ki,   gənclərin biznes sahəsində daha yaxından iştirakı üçün yaradılan münbit şərait ölkə iqtisadiyyatının güclənməsini də şərtləndirir.

Qlobal hadisələrlə  yüklənən dünyamızda regional  təhlükəsizlik məsələləri, sabitliyin təminatı hər zaman aktuallığını qoruyur. Regional əməkdaşlığa daha çox ehtiyac duyulduğu  müasir dövrümüzdə  Azərbaycanda keçirilən  mühüm əhəmiyyətli  forumların, dialoqların əsas müzakirə mövzusu  regionda  sabitliyin təminatına  nail olmaqdır. Qonşu ölkələrdə mövcud olan gərginlik təbii ki, bütün dövlətlərin siyasi, iqtisadi inkişafına təsir edir, münasibətləri gərginləşdirir. “Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq” söyləyən Prezident İlham Əliyev  Ermənistanın   Azərbaycan torpaqlarını işğalı ilə bağlı illərdən bəri davam edən təcavüzkarlığın yaratdığı gərginliyi də  panel iştirakçılarının diqqətinə çatdırmışdır.

“Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu daimi təhdid mənbəyidir. Ərazilərimizin dəmək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq” söyləyən, hər hansı qeyri- sabitliyi kabus, regional təhdid adlandıran cənab İlham Əliyevin  məntiqli  cavabına real nümunə  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, Dünya dini liderlərinin zirvə görüşlərinin,  UNESKO-nun Dünya İrs Komitəsinin  43-cü sessiyasının ölkəmizdə keçirilməsi, Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu,  Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salması  respublikamızın sülhsevər siyasətinin beynəlxalq aləmdə dəstəklənməsinin  nümunəsidir.

Xuraman İsmayılqızı,  “İki sahil”