08 aprel 2020 10:37
1046

Azərbaycan postsovet məkanında pandemiya ilə mübarizəyə ən çox vəsait ayırmış ölkədir

Məqsəd xalqı və dövləti bu qlobal bəladan daha səmərəli şəkildə qorumaqdır

Bu gün bəşəriyyəti vahiməyə salan koronavirus pandemiyası dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Qlobal problemin fəsadları dünya ölkələrində həm də iqtisadi və maliyyə böhranı yaradır. Təbii ki, dünya birliyinin fəal aktorlarından olan Azərbaycan dövləti də bu qlobal problemlərdən yan keçə bilməzdi. Bu gün ölkəmizin və xalqımızın koronavirus pandemiyasından daha az zərərlə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi Tədbirlər Planı mövcuddur. Bu planda məhdudlaşdırıcı tədbirlərə bərabər, iqtisadiyyatın qorunması, əhalinin sosial durumunun sabit saxlanması da mühüm yer tutur.

Sözügedən Tədbirlər Planının genişliyi və sosiallığı bir daha göstərir ki, Azərbaycan dövləti və onun rəhbəri ən çətin məqamlarda xalqın yanındadır, onun problemlərinin həllinə dair konkret planlara sahibdir. Ümumiyyətlə, Tədbirlər Planı bir neçə istiqamətə - iqtisadi artıma, sahibkarlığa dəstəyə, məşğulluğa, sosial rifaha və eyni zamanda, maliyyə sabitliyinin qorunmasına yönəlib. Tədbirlər Planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulub. Burada əsas məqamlardan biri pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi varsa, dövlət ona dəstək göstərəcək. Hazırda ölkəmizdə muzdla çalışanların sayı 300 min nəfərdir. Büdcədən bu istiqamətdə 215 milyon manat vəsait ayrılacaq. Bu, o deməkdir ki, muzdla çalışan hər bir vətəndaşa orta hesabla 716 manat vəsait ödəniləcək. Təbii ki, əməkhaqqı həcmindən asılı olaraq məbləğ dəyişə bilər.

Bu da faktdır ki, mikro və fərdi sahibkar kimi VÖEN-lə işləyən vətəndaşlarımız da var. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın verilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Belə ki, VÖEN-lə işləyən hər bir vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Burada yenə də məbləğ VÖEN-lə və mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşların əvvəlki dövrdə gəlirlərindən asılı olaraq dəyişə bilər. Əsas meyar ondan ibarətdir ki, mikro və fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. VÖEN-lə çalışanlar 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, həmin vətəndaşlar bu imkanlardan yararlana biləcəklər.

Bundan başqa, aprel ayından vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətə güzəşt veriləcək. Bu, o deməkdir ki, VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyektidir. Həmçinin əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Vergi ödəyiciləri üçün mənfəət və ya gəlir vergisindən də güzəşt tətbiq olunacaq. Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və verginin ödənilməsi müddəti uzadılıb. Burada xüsusən də pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə vergilərin ödənilməsi müddəti artırılıb. Ölkəyə ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda, icarə haqqından tutulan vergilər üzrə güzəşt tətbiq olunacaq. Bu, icarə vergisinə güzəştin tətbiq edilməsi anlamına gəlir. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması müəyyən müddətə təxirə salınacaq.

Tədbirlər Planında daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eləcə də kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Subsidiyalaşdırma nəticə etibarilə faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. Bu istiqamətdə 20 milyon manat vəsait ayrılacaq. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq. Vətəndaşlar güzəştli ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər.

İkinci istiqamət işləməyən vətəndaşlarla bağlıdır. Müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən 70 milyon manat ayrılacaq.

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması üçün 20 milyon manat vəsait ayrılacaq. Xüsusi karantin dövründə bütün ailələrə ünvanlı sosial yardımın verilməsinin rejim bitənədək davam etdirilməsi və ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Bu, 62 min insanı əhatə edəcək. Eyni zamanda, sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu istiqamətdə 40 milyon manat ayrılacaq. Həmçinin aprel-may aylarında elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu məqsədlə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq.

Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır. Əlli min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.

Bütövlükdə, Tədbirlər Planının qarşısında duran əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq, postpandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi postkorona dövründə daha əlverişli mövqelərə çıxarmaq, əhalinin sağlamlığını səmərəli şəkildə qorumaqdır.

Elçin Zaman, “İki sahil”